Rövşən Əmircanov: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
- 24 sentyabr, 2025
- 16:04

Yaxın aylarda dünya bazarında qızılın bir unsiyasının qiymətinin 4 000 ABŞ dolları həddinə yüksəlməsi mümkündür.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, hazırda əmtəə birjalarında qiymətli metallar kəskin bahalaşma nümayiş etdirir: "Qızılın qiyməti tarixi maksimuma çataraq 3 800 ABŞ dollarına yaxınlaşıb. Bu, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini endirməsi fonunda baş verib. Faizlərin azalması investorları riskli aktivlərdən uzaqlaşdırır, qızıl kimi etibarlı sərmayələrə yönəldir. Qiymət artımının əsas səbəbləri kimi mərkəzi bankların qızıl ehtiyatlarını artırması, qlobal geosiyasi risklərin davam etməsi, ABŞ dollarının qeyri-sabitliyi, faiz siyasətinə dair gözləntilər və inflyasiya amilləri xüsusi rol oynayır".
Ekspert vurğulayıb ki, digər metalların bazarında da güclü qiymət artımı dalğası müşahidə olunur: "Yalnız qızıl deyil, həm də gümüş, platin və palladium da tarixi yüksəliş nümayiş etdirir. Gümüşün bahalaşması həm investisiya vasitəsi kimi, həm də sənaye sahələrində – elektronika və enerji texnologiyalarında istifadəsi ilə bağlıdır. Platin və palladium isə əsasən avtomobil sənayesində artan tələbin təsiri altında bahalaşır. Mərkəzi bankların alışları da qiymət artımına təkan verir. Bu ilin iyul və avqust aylarında qlobal mərkəzi banklar ehtiyatlarına hər ay orta hesabla 10 ton qızıl əlavə ediblər. Əsas alıcı ölkələr arasında Qazaxıstan, Türkiyə, Çin və Çexiya olub. Polşa və Hindistan isə ümumilikdə ilin ən iri qızıl alıcıları olaraq qalırlar".
R.Əmircanovun sözlərin görə, hazırda London Əmtəə Birjasında qızılın bir unsiyası 3 760–3 780 ABŞ dolları, gümüşün bir unsiyası 44 ABŞ dolları, platinin bir unsiyası 1 470 ABŞ dolları, palladiumun bir unsiyası isə 1 200 –1 240 ABŞ dolları intervalında ticarət olunur: "Son aylarda qızılda təxminən 40 %, gümüşdə isə 50 %-ə yaxın bahalaşma qeydə alınıb. Yerli bazarda da bahalaşma müşahidə edilir: 999,9 əyar qızılın bir qramı təxminən 205 manat, 750 əyar qızıl 153 manat, 585 əyar qızıl isə 120 manat civarında satılır. Bununla yanaşı, qiymətli daşlar seqmentində fərqli mənzərə müşahidə olunur. Təraşlanmış almazların (brilyant), həmçinin digər daşların – zümrüd, sapfir, yaqut və aleksandritin qiymətlərində artım qeydə alınmayıb. Bu bazarın sabitliyi beynəlxalq almaz birjalarının fəaliyyəti, tələb-təklif balansı və istehlakçı seqmentinin xüsusiyyətləri ilə bağlıdır".
Sədr müavini deyib ki, yaxın aylarda qızılın qiymətinin 3 800 ABŞ dolları keçərək 3 900–4 000 ABŞ dolları həddinə yüksəlməsi mümkündür: "Bununla yanaşı, ABŞ dollarının möhkəmlənməsi, inflyasiyanın və geosiyasi gərginliklərin azalması qısa müddətdə müəyyən korreksiya yarada bilər. Orta və uzunmüddətli perspektivdə isə qiymətlərin artım meylini qoruyacağı proqnozlaşdırılır".