"Roubini Macro": Azərbaycan "yaşıl texnologiya"lar və fintexə birbaşa investisiyalar cəlb etməyə hazırdır
- 22 sentyabr, 2025
- 11:19

Azərbaycan gələcəyin texnologiyaları və sənaye sahələrinə birbaşa xarici investisiyaları cəlb etmək üçün əlverişli mövqedə yerləşir.
"Report" xəbər verir ki, bu barədə "Roubini Macro Associates"in CEO-su Nuriel Rubini (Nouriel Roubini) Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.
O qeyd edib ki, Azərbaycan makroiqtisadi siyasətə və yaxşı idarəçiliyə malik ölkədir: "Buna görə Bakıya ilk səfərimdə, bu ölkədə olmaq çox uğurlu təcrübədir. Mükəmməl idarəçilik, makroiqtisadi sabitlik və sizin gələcək üçün böyük ambisiyalarınız var".
N.Rubini hesab edir ki, Azərbaycanın özünü təkmilləşdirmək, iqtisadiyyatı şaxələndirmək üçün yeni texnologiyaları tətbiq edə biləcəyi sahələr çoxdur: "Birincisi, əlbəttə ki, işçi qüvvəsini gələcəyin texnologiyalarına hazırlamaq lazımdır. Rəqəmsal təhsil vacib nüansdır. İkincisi, texnologiyalardan həm hasilat, həm də qalıq yanacaqların istehlakını optimallaşdırmaq üçün istifadə etmək olar. Ancaq bunu səmərəli şəkildə etmək çox vacibdir. Üçüncüsü isə ötən il COP29-a ev sahibliyi edən bu ölkə "yaşıl keçid"ə sadiqdir. "Yaşıl texnoloji" inqilab isə texnologiyalara əsaslanır. Dördüncüsü, maliyyə əlçatanlığının təmin edilməsi və maliyyə xidmətlərinin daha səmərəli göstərilməsi mühüm faktordur və bu, fintex inqilabının sahəsidir".
N.Rubini qeyd edib ki, Azərbaycan Şərq və Qərb, eləcə də Şimal və Cənub arasında da strateji mövqedə yerləşir: "Mərkəzi və Şərqi Asiyadan Yaxın Şərqə, Qafqaza, Avropaya və dünyanın digər bölgələrinə daha çox ticarət olacaq. Ancaq nəqliyyat və logistika yüksək texnologiyalı sahəyə çevrilir. Bu, artıq ənənəvi sahə deyil. Buna görə bu sahədə texnoloji istiqamət mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, bütün dünyada data mərkəzləri qurmaq lazımdır. Lakin data mərkəzləri enerjinin böyük istehlakçılarıdır. Zamanla onlar dünyanın enerjinin bol və ucuz olduğu bölgələrinə, o cümlədən Fars körfəzinə və bəlkə də buraya köçəcəklər".