“Qarabağ KOB-ları” layihəsi təqdim edilib

Biznes
  • 25 oktyabr, 2023
  • 08:43
“Qarabağ KOB-ları” layihəsi təqdim edilib

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və İnkişaf Korporasiyasının təşkilatçılığı, "PAŞA Holdinq" MMC-nin ayırdığı qrant hesabına həyata keçirilən “Qarabağ KOB-ları” layihəsinin təqdimatı olub.

"Report" xəbər verir ki, layihə müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə dəstəyi nəzərdə tutur.

Təqdimatda müvafiq dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səslənməsi, ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra layihəyə dair videoçarx nümayiş olunub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək layihə, müharibə iştirakçılarının, şəhid ailələrinin və qazilərin məşğulluğuna dəstək tədbirləri barədə məlumat veriblər.