"PAŞA Holdinq" rəsmisi: "Təcrübə və intuisiya vacibdir, lakin onlar sürətlə dəyişən dünyada cavab vermirlər"
- 30 sentyabr, 2025
- 12:30

Sürətlə dəyişən dünyada uğur yalnız sahibkarların təkcə həllər təklif etmədiyi, həm də fundamental suallar verdiyi halda mümkündür.
"Report" xəbər verir ki, bunu "PAŞA Holdinq" MMCnin baş direktoru Cəlal Qasımov holdinqin təşkil etdiyi 5-ci INMerge İnnovasiya Sammitində bildirib.
"Bəzən görürük ki, tənzimləyici qanunvericiliyi dəyişir, hansısa dövlət agentlikləri və ya orqanları müəyyən addımlar atır və nəyisə dəyişmək istəyirlər. Əgər siz "niyə" sualını vermirsinizsə, onların nəyə nail olmağa çalışdığını başa düşmürsünüzsə, öz həllərinizi təklif etməyə başlayırsınız və sonra məyus olursunuz ki, onlar bazarı və ya biznesi başa düşmürlər. Sizin ideyalarınız və təklifləriniz yaxşı ola bilər, lakin onlar "niyə" sualına cavab vermirsə, qarşı tərəfin çatmaq istədiyi məqsədi və ya səbəbi izah etmirsə, problemi həll etmək mümkün olmayacaq, elə deyilmi? Buna görə də həmişə "niyə" sualını vermək vacibdir", - C.Qasımov bildirib.
Baş direktor qeyd edib ki, uğur qazandıqdan və yaxud bir dəfə nəticə əldə etdikdən sonra insanlar bəzən hər şeyi bildiklərinə və ya hazır cavaba malik olduqlarına inanmağa başlayırlar.
"Bu, bizim intuisiyamıza və ya keçmiş təcrübəmizə və s. əsaslana bilər. Lakin həyat çox sürətlə dəyişir. Buna görə də hesab edirəm ki, "əgər belə olsa, nə olar" sualı "niyə" sualı qədər vacibdir", - C.Qasımov əlavə edib.