Pakistan rəsmisi: "Halal KOB-lar 2040-cı ilə qədər "yaşıl keçid"in liderinə çevrilə bilər"
- 08 oktyabr, 2025
- 12:32

Halal kiçik və orta sahibkarlıq subyektləri 2040-cı ilə qədər "yaşıl keçid"in aparıcı qüvvəsinə çevrilə bilər.
"Report" xəbər verir ki, bunu Pakistan Standartları və Keyfiyyətə Nəzarət İdarəsinin Halal Təchizat Zənciri Komitəsinin sədri Məhəmməd Əbu Bəkər II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun ikinci günündə keçirilən panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, halal KOB-lar gələcək nəsillər üçün dayanıqlılığın, etik dəyərlərin və uzunmüddətli prinsiplərin qoruyucularıdır:
"KOB-lar qlobal halal biznesin 90 %-ini təşkil edir, iş yerlərinin 70 %-ini yaradır və emissiyaların 50 %-inə cavabdehdir. Bu isə onları etik, ticarət və iqlim diplomatiyasının mərkəzinə gətirir".
M.Əbu Bəkərin sözlərinə görə, halal KOB-lar üçün əsas çağırış "yaşıl keçid"dən geri qalmamaqdır:
"Əks halda, onlar yeni ticarət baryerləri, yüksək karbon xərcləri və beynəlxalq bazarlardan kənarda qalmaq riski ilə üzləşə bilərlər".
O, həmçinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr üçün yeni "Üçlü uyğunluq modeli"ni (Triple Alignment Model) təqdim edib. Modelin əsasını Quran əxlaqı prinsipləri - əmənə (etibar), xilafət (məsuliyyət) və ədalət təşkil edir.
"Modelin mərkəzində "yaşıl halal müəssisə" anlayışı dayanır. Bu konsepsiya tullantısız təchizat zənciri və dairəvi iqtisadiyyat prinsiplərini birləşdirərək daha etik və ekoloji dayanıqlı biznes mühiti yaradır", - deyə o vurğulayıb.