Orxan Məmmədov: "Qlobal dəyişikliklər yeni çağırışlar yaradır"
- 15 iyul, 2022
- 13:44
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bu gün qlobal dünyada baş verən və həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər yeni çağırışlar yaradır və buna uyğun olaraq yeni hədəflərin müəyyən edilməsini zəruri edir".
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
"Qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi günümüzün aktual məsələlərindəndir. Yeni trendlər göstərir ki, iqtisadi artım kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyalardan asılıdır. Bu baxımdan gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır", - deyə o, qeyd edib.
Onun sözlərinə görə, müxtəlif ölkələrin bügünkü uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabınadır: "Müasirləşən cəmiyyətlərdə bilik və bacarıq kapital sayılır və iqtisadiyyatın əsas resursuna çevrilir. İnsan kapitalının inkişafı sahəsində əldə edilən uğurlar dövlətimizin ümumi inkişaf səviyyəsini, siyasi, iqtisadi potensialını müəyyənləşdirən vacib amillərdir. Bildiyiniz kimi, ölkəmiz postpandemiya və postmüharibə dövründə keyfiyyətcə yeni olan strateji inkişaf mərhələsinə daxil olub. Məhz elə bu tələblərdən irəli gələrək ölkə prezidentinin 2 fevral 2021-ci il sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Məlumunuzdur ki, adıçəkilən sənəddə reallaşıdırılmalı olan “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” beş Milli Prioritetdən biri kimi müəyyən edilib. Sənəddə göstərilir ki, strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Sözügedən sərəncamdan irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənəd layihəsində də rəqabətli insan kapitalının formalaşdırılması üçün əsas fəaliyyətlər öz əksini tapıb, sənəd layihəsi təsdiq edilkdən sonra müvafiq işlər icra olunacaq və nəticədə ölkəmizdə insan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühiti daha da təkmilləşəcək".