Orxan Məmmədov: "Pandemiya KOB-ların davamlılığına və mövcudluğuna problem yaradıb"

Biznes
  • 24 iyun, 2022
  • 07:50
Orxan Məmmədov: Pandemiya KOB-ların davamlılığına və mövcudluğuna problem yaradıb
Orxan Məmmədov

Hazırda üzləşdiyimiz COVID-19 pandemiyası KOB sektoruna əhəmiyyətli təsir göstərərək, onların davamlılığına və hətta mövcudluğuna böyük problemlər yaradıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda deyib.

Onun sözlərinə görə, neqativ təsirlərlə yanaşı, pandemiya həm də rəqəmsallaşmanın əhəmiyyətini və zəruriliyini bir daha vurğulayıb: "Şirkətlər çətin dövrlərdə fəaliyyətini davam etdirmək üçün yeni innovativ həllər təklif etməli oldular".

O.Məmmədov deyib ki, KOB-ların rəqəmsallaşdırılması prosesi çərçivəsində Agentlik üç əsas sahəyə diqqət yetirir: əlverişli mühit, bilik və resursların təmin edilməsi.

"KOB-ların rəqəmsallaşmasının əlverişli mühitinə gəldikdə, biz artıq Azərbaycanda innovasiyaları və KOB-ların rəqəmsallaşdırılmasını stimullaşdırmaq üçün bir neçə dəstək mexanizmlərini təklif edirik. Bunlar daxili bazar araşdırmalarının maliyyələşdirilməsi, təhsil, elm, tədqiqat və innovasiyalar üçün qrant layihələri, həmçinin vergi güzəştləri təklif edən, yeni bizneslərə resursları innovasiya fəaliyyətlərinə yönəltməyə imkan verən startap sertifikatının təqdim edilməsidir. KOB-ların bilik, bacarıq və innovasiyalara çıxışını yaxşılaşdırmaq üçün Azərbaycanın 20-dən artıq regionunda KOB İnkişaf Mərkəzlərimiz var. Bu Mərkəzlər KOB-lara innovativ biznesin yaradılması ilə bağlı konsaltinq və təlim xidmətləri göstərir, eyni zamanda, onlar üçün inkubator funksiyasını yerinə yetirir. Mərkəzlərin KOB-lar üçün təmin etdiyi xidmətlər ödənişsizdir. Biz, həmçinin, innovativ texnologiyaların öyrənilməsi və mənimsənilməsi məqsədilə KOB-ların qabaqcıl iqtisadiyyatlarda təcrübə mübadiləsi proqramlarında iştirakını təmin edirik", - deyə o, qeyd edib.

Sədrin sözlərinə görə, Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatların əsas sütunu və hərəkətverici qüvvəsi hesab olunur və bu baxımdan, KOB-ların fəaliyyətinin şaxələndirilməsi və innovasiya səviyyəsi bütövlükdə ölkənin inkişaf səviyyəsinin göstəricisidir: "Hazırda Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,6%-i KOB subyektləri təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla, KOB-ların innovativ inkişafının dəstəklənməsi strateji fəaliyyət gündəliyimizin əsas elementlərindən biridir. Resurslara gəlincə, yeni elektron xidmətlər və elektron platformalar tətbiq etməklə, məqsədimiz KOB-larla daha effektiv ünsiyyət qurmaq, xidmət keyfiyyətini yaxşılaşdırmaq, rəqəmsallaşma səviyyəsini və onun əhatə dairəsini genişləndirməkdir. Beləliklə, biz KOB İnkişaf Mərkəzlərimizin elektron xidmətlərini təklif edən elektron təlim platformasını işə saldıq. Sözügedən platforma fiziki görüşlərin keçirilməsinə məhdudiyyətlərin tətbiq edildiyi dövrlərdə bilik və bacarıqların inkişafını KOB-lar üçün daha əlçatan etdi və bu sahədə fəaliyyətimizi davam etdirməyə imkan verib".