Nurlan Hacıyev: "Qadınların 47 %-i biznesdə kapitala çıxışı əsas problem sayır"
- 20 oktyabr, 2026
- 11:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Regional araşdırmaların nəticələrinə əsasən, qadınların 47 %-i kapitala çıxışı, 37 %-i rəqəmsal marketinqi, 24 %-i isə onlayn biznes və elektron ticarəti əsas çətinliklər sırasında göstərib.
"Report" xəbər verir ki, bunu "Visa" şirkətinin Azərbaycan üzrə meneceri Nurlan Hacıyev "She"s Next Empowered by Visa" beynəlxalq təşəbbüsünün dördüncü dalğasının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, qadın sahibkarların üzləşdiyi bu çətinliklərin aradan qaldırılması onların bizneslərini genişləndirməsi və rəqəmsal imkanlardan daha səmərəli istifadə etməsi baxımından vacibdir. Buna görə də təşəbbüsün builki mərhələsində rəqəmsal inkişaf istiqamətinə xüsusi diqqət yetiriləcək.
N.Hacıyev bildirib ki, qadın sahibkarların fəaliyyətinin genişləndirilməsi qlobal iqtisadiyyat üçün də əhəmiyyətli potensiala malikdir. Onun sözlərinə görə, qadınlar və kişilər sahibkarlıq fəaliyyətinə başlamaq və bizneslərini böyütmək üçün bərabər imkanlara malik olsaydılar, dünya iqtisadiyyatı əlavə 5-6 trilyon ABŞ dolları qazana bilərdi.
Menecer qeyd edib ki, "She"s Next Empowered by Visa" təşəbbüsü 2019-cu ildə başlayıb, 2020-ci ildən etibarən isə regionda həyata keçirilməyə başlanılıb. Azərbaycanda layihə çərçivəsində qadınların maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının artırılmasına yönəlmiş təlimlər təşkil edilib.
Onun sözlərinə görə, təşəbbüsün əvvəlki üç dalğası çərçivəsində Azərbaycanda 2 mindən çox qadın təlimlərdən yararlanıb, 45 min ABŞ dollarından çox mükafat təqdim edilib.
N.Hacıyev vurğulayıb ki, proqramın dördüncü dalğasında ilk dəfə Gəncə və Şəki şəhərlərində də qaliblər seçiləcək. Bu addım təşəbbüsün əhatə dairəsinin paytaxtdan kənara genişləndirilməsinə və regionlarda fəaliyyət göstərən qadın sahibkarların dəstəklənməsinə imkan yaradacaq.
O bildirib ki, yeni mərhələdə 24 finalçı daha geniş təlimlərdə iştirak edəcək, mentorluq və əlavə dəstək imkanlarından yararlanacaq. Proqramın sonunda qaliblər seçilərək mükafatlandırılacaqlar.
N.Hacıyev qeyd edib ki, təşəbbüsün əsas məqsədi qadın sahibkarların bizneslərini inkişaf etdirməsinə, rəqəmsal alətlərdən istifadəsini genişləndirməsinə və yeni imkanlar əldə etməsinə dəstək verməkdir.