"Netflix"in həmtəsisçisi: "Əsas məsələ ideyanı müzakirə etmək deyil, sınamaqdır"
- 30 sentyabr, 2025
- 11:21

Yaxşı və pis ideya arasındakı fərqi əvvəlcədən bilmək mümkün deyil.
"Report" xəbər verir ki, bunu "Netflix" şirkətinin həmtəsisçisi Mark Rendolf "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitinin ikinci günündə bildirib.
Onun sözlərinə görə, ideyanın böyüklüyü önəmli deyil: "Mənim oğlum cəmi səkkiz yaşında olanda başa düşdü ki, mağazadan 10 qəpiyə aldığı şokoladı ertəsi gün məktəbdə 1 manata sata bilər. Hətta ən sadə fikirlər böyük nəticələr yarada bilər. Məsələn, yalnız kitab satmaqla başlayan şirkətin hansı inqilabi yeniliklərə səbəb olduğunu hamımız bilirik. Demək, ideya mütləq mürəkkəb və ya yeni olmalı deyil".
Onun sözlərinə görə, hətta ideyanın "yaxşı" olması da şərt deyil: "Axı yaxşı ideya nədir? Mən həyat yoldaşıma sonradan "Netflix"ə çevrilən fikrimi dediyimdə, bunu ‘eşitdiyi ən gülünc ideya" adlandırmışdı. Hamımızın belə təcrübəsi olub: səhər oyandıqda əla ideya tapdığımızı düşünürük, amma komanda və ya dostlar deyir ki, bu heç vaxt işləməyəcək. Çox vaxt nəticə əksinə olur".
M. Randolf qeyd edib ki, bunun səbəbini ən yaxşı ifadə edənlərdən biri Hollivud ssenaristi, ikiqat "Oskar" laureatı Uilyam Qoldmandır: "Onun məşhur kəlamı var: "heç kim heç nə bilmir". Hollivudda ulduz aktyorlar, mükafatlı rejissor, ideal ssenari və 100 milyon dollarlıq büdcə olsa belə, film uğursuz ola bilər. Əksinə, heç tanınmayan aktyorlar və cüzi büdcə ilə çəkilən "Blair Witch Project" 35 min dollara başa gəlib, amma 250 milyon dollardan çox qazandırıb. Çünki doğrudan da, heç kim heç nə bilmir".
Məşhur sahibkar deyib ki, o, 7 şirkətin qurucularından olub: "Bunlardan ikisi milyardlıq kapitalla nəticələnib, üçü IPO edib, biri isə tamamilə iflasa uğrayıb. Amma əvvəlcədən hansının uğur qazanacağını demək mümkün deyildi. Çünki doğrudan da, heç kim heç nə bilmir".
M. Randolfa görə, əsas məsələ ideyanı müzakirə etmək deyil, onu sınamaqdır: "Bir gün ərzində praktiki addımlarla öyrəndiyinizi, bir ay düşünərək öyrənə bilməzsiniz. Bizim işimiz ideyanın yaxşı və ya pis olduğunu sübut etmək deyil, tez, ucuz və asan yolla sınaqdan keçirməkdir. Çünki hər şey ideyadan başlayır".