Nərminə Həsənova: "Startaplar uzrə Milli Çempionatda ilk dəfə layihələrin 40 %-i milli irsimizi özündə əks etdirir"

Biznes
  • 13 iyun, 2026
  • 10:56
Nərminə Həsənova: Startaplar uzrə Milli Çempionatda ilk dəfə layihələrin 40 %-i milli irsimizi özündə əks etdirir

Bu gün Startaplar üzrə Milli Çempionatda Azərbaycanı İsveçrənin Davos şəhərində keçiriləcək Dünya Çempionatında təmsil edəcək layihələr nümayiş olunur.

"Report" xəbər verir ki, bunu "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova 6–17 yaşlı uşaq və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Milli Çempionatda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, apreldə təşkil edilmiş Startap Biznes Forumunda uşaqlar 20 layihə ilə çıxış etmişdilər: "Sponsorların və investorların köməyi sayəsində həmin layihələr artıq reallaşdırılıb. Bu gün biz onların növbəti nailiyyətlərinin şahidi olacağıq və bir müddət sonra ideyadan real məhsula çevrilən layihələrlə yaxından tanış olmaq, hətta onları əldə etmək fürsətimiz yaranacaq.

Qeyd etmək lazımdır ki, hər bir məhsul cəmi iki aylıq müddət ərzində istehsal olunub. Yəni qrantın verildiyi tarixdən bu günədək ideyalar müvəffəqiyyətlə həyata keçirilib. Etiraf edim ki, bu qədər qısa zaman kəsiyində ideya fazasından realizasiya mərhələsinə keçid etmək, hətta ilk satışları gerçəkləşdirmək hər peşəkar iş adamının bacaracağı məsələ deyil. Hesab edirəm ki, bütün komandalar bu tapşırığın öhdəsindən layiqincə gəliblər".

N. Həsənova bildirib ki, bugünki Milli Çempionatda çoxsaylı maraqlı və qeyri-adi layihələr nümayiş etdiriləcək.

"Xüsusi olaraq vurğulamaq istərdim ki, ilk dəfə layihələrin 40 %-i milli irsimizi və mədəni dəyərlərimizi özündə əks etdirir. Həmçinin bildirmək istəyirəm ki, bütün ideyalar uşaqların şəxsi təşəbbüsü əsasında yaranıb. Düşünürəm ki, ölkəmizdə baş tutan beynəlxalq tədbirlər və Azərbaycanın dünya miqyasında artan tanınması onların seçimlərinə də pozitiv təsir göstərib. Gələcəkdə uşaqlarımızı İsveçrənin Davos şəhərində keçiriləcək Dünya Çempionatı gözləyir. Əminəm ki, nə qədər çox maraqlı və innovativ layihələr ortaya qoyularsa, Azərbaycan da beynəlxalq səhnədə bir o qədər uğurlu şəkildə təmsil ediləcək. Əziz dostlar, indi isə gəlin uşaqlarımızın böyük nailiyyətlərə aparan kiçik addımlarını birgə izləyək. Hamınızı salamlayır, Milli Çempionatı açıq elan edirəm".

44 filmi