Nazir: "Qarabağa xarici investorların cəlb edilməsinin təşviqində maraqlıyıq"

Biznes
  • 30 dekabr, 2022
  • 12:59
Nazir: Qarabağa xarici investorların cəlb edilməsinin təşviqində maraqlıyıq

"İşğaldan azad edilmiş ərazilərə xarici investorların cəlb edilməsinin təşviq etməkdə maraqlıyıq".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İTV kanalına müsahibəsində deyib.

M.Cabbarov bildirib ki, hazırda xarici investorlar artıq bu ərazilərə gəliblər: "Bu layihələr arasında "yaşıl enerji" sahəsini qeyd etmək istəyirəm. BP və SOCAR şirkətlərinin iştirakı ilə Cəbrayıl rayonu ətrafında 130 meqavat gücə malik günəş elektrik enerji stansiyası layihəsi icra mərhələsinə keçir.

Bundan başqa, mədən sənayesində türk şirkətləri ilə imzalanmış müqavilələr uğurla həyata keçirilir. "DOST Aqropark" adında Azərbaycan-Türkiyə birgə sərmayəsi olan layihə həyata keçirilir".

Nazirin sözıərinə görə, bu ilin dekabr ayında Azərbaycan İnvestisiya Şirkəti tərəfindən işğaldan azad edilmiş ərazilərdə yerləşən kiçik su elektrik stansiyaları ilə bağlı investisiya müsabiqəsi elan edilib. Artıq bir sıra yerli və xarici investorlar layihələrin icrasında maraqlı olduqlarını bildiriblər".