Nazir: "Çin Azərbaycan iqtisadiyyatına 770 mln. dollar yatırıb"
- 13 fevral, 2018
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 fevral. REPORT.AZ/ "Çin tərəfi indiyədək Azərbaycan iqtisadiyyatına 770 mln. dollar həcmində sərmayə yatırıb".
"Report" xəbər verir ki, bunu Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair bugünkü mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, investisiyaların strukturunda neft sektoru üstünlük təşkil edir: "Qeyri-neft sektoruna da investisiyaların artması üçün çalışmalıyıq və bunun üçün işlər görülür".
Nazir Azərbaycan-Çin əlaqələrinin inkişafına noyabrda Şanxayda keçirilməsi nəzərdə tutulan idxal sərgisində Azərbaycanın iştirakının əlavə təkan verəcəyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın bu sərgidə iştirakı üçün götürdüyü ərazinin sahəsi 2 dəfə artırılacaq.
Ş.Mustafayev həmçinin bildirib ki, Qaradağ rayonu ərazisində inşası nəzərdə tutulan "SOCAR-GPC" layihəsinə Çin tərəfinin böyük marağı var. Nazir xatırladıb ki, bununla bağlı tərəflər arasında memoradum da imzalanıb.