Nazir: "Azərbaycan və Qazaxıstan arasında tranzit daşımaların artımı sahəsində müsbət dinamika var"
- 14 oktyabr, 2025
- 12:04

Nəqliyyatın qarşılıqlı fəaliyyəti kontekstində Azərbaycan və Qazaxıstan arasında tranzit daşımaların artımı sahəsində müsbət dinamika var.
"Report"un məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 21-ci iclasında bildirib.
"Biz Orta Dəhlizin inkişafında əməkdaşlığı dərinləşdirməyə, eləcə də Zəngəzur dəhlizinin açılması perspektivləri də daxil olmaqla yeni imkanlardan istifadə etməyə hazırıq", - nazir bəyan edib.
P.Şahbazov digər sahələrdə, o cümlədən humanitar sahələrdə də əməkdaşlığın müsbət dinamikasını qeyd edib.
"Hökumətlərarası Komissiya ölkələrimizin profil dövlət strukturlarının fəaliyyətinin koordinasiyasında əsas rol oynayır. Komissiyanın iclaslarının müntəzəm xarakteri qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa əlavə təkan verir. Əminəm ki, bugünkü görüş qarşılıqlı faydalı tərəfdaşlığımızın genişləndirilməsi yolunda növbəti vacib addım olacaq", - nazir əlavə edib.
Onun fikrincə, kompleks proqram ticarət, investisiyalar, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və humanitar əməkdaşlıq kimi sahələrdə praktiki qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün istiqamət verir.
P.Şahbazov qeyd edib ki, Azərbaycan və Qazaxıstan ortaq tarix, mədəniyyət və gələcəyə dair strateji baxış ilə bağlı qardaş və müttəfiq dövlətlərdir.
"Liderlərimizin - Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində əməkdaşlığımız bütün istiqamətlərdə ardıcıl inkişaf nümayiş etdirir. Xüsusilə Azərbaycan və Qazaxıstan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin, eləcə də dövlət başçılarımız tərəfindən imzalanmış 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram"ın əhəmiyyətini vurğulamaq istərdim", - nazir deyib.