Nazir: "Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirir"
- 16 iyun, 2026
- 15:13
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində baş tutan "Azərbaycanın İnvestisiya Görünüşü" tədbirində deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında rəqəmsal transformasiyanın sürətləndirilməsinə, startap ekosisteminin inkişafına dəstək verilməsinə, kiçik və orta biznesin (KOB) rəqəmsal bazarlara çıxış imkanlarının genişləndirilməsinə və milli rəqəmsal bacarıqların gücləndirilməsinə yönəlmiş hərtərəfli rəqəmsal gündəlik həyata keçirilir: "Gənc nəsil və insan kapitalı məsələsinə toxunmasam, çıxışım natamam olar. Yüksək təhsilli, çevik və adaptasiya qabiliyyəti güclü gənc insan kapitalı ilə rəqəmsal transformasiyanın və innovasiya potensialının birləşməsi investorlar üçün xüsusi əhəmiyyət daşıyır. Bu kombinasiya təkcə xərc səmərəliliyi deyil, həm də daha yüksək məhsuldarlıq və uzunmüddətli rəqabət qabiliyyəti axtaran investorlar üçün getdikcə daha strateji üstünlük kimi çıxış edir".
Nazir əlavə edib ki, Azərbaycan uzunmüddətli tərəfdaşlıqlar üçün imkanlar pəncərəsi açır: "Azərbaycanın dəyər təklifi aydındır. Makro iqtisadi sabitlik, güclü maliyyə buferləri, siyasi proqnozlaşdırıla bilənlik və strateji baxış, dayanıqlı konnektivlik, investisiyaya hazır platformalar, rəqabətədavamlı stimullar, böyüyən qeyri-neft sektorları və gənc, adaptiv işçi qüvvəsi. Bugünkü müzakirələr mənzərəni sadəcə anlamaqdan aktiv fəaliyyətə keçmək, Azərbaycanın investisiya potensialını dərk etməkdən konkret layihələrin müəyyən edilməsinə və uzunmüddətli tərəfdaşlıqların qurulmasına doğru addım atmaq üçün bir imkandır. Biz sizi Azərbaycanı uzunmüddətli investisiya, innovasiya və dayanıqlı artım üçün etibarlı regional platforma kimi kəşf etməyə dəvət edirik".