Naxçıvanın xarici ticarət dövriyyəsi 31 % artıb

Biznes
  • 13 avqust, 2026
  • 15:06
Naxçıvanın xarici ticarət dövriyyəsi 31 % artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 90,4 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 31,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 7,5 milyon ABŞ dolları ixracın, 82,9 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,1 %, idxal isə 34,9 % artıb.

Son nəticədə xarici ticarətdə 75,4 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə təxminən 40 % çoxdur.

İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, elektrik enerjisi, alçıpan, mineral sular, travertin, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, aromatlaşdırılmış içkilər, şokolad və tərkibində kakao olan ərzaq məhsulları, buğda kəpəyi, soğan, məsaməli beton, çay və salfetlər yer alıb. Bu məhsullar Gürcüstan, Qırğızıstan, İran, Yəmən, Türkiyə, İsrail, Suriya, İraq, Rusiya, Amerika Birləşmiş Ştatları, Qazaxıstan və Ukraynaya ixrac olunub.

Bundan başqa, 7 ay ərzində muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 1 il əvvələ nisbətən 1,2 % çox - 869,6 milyon manat təşkil edib. Ticarət şəbəkəsində 447,8 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 421,8 milyon manatlıq qeyri-qida məhsulları satılıb.