Naxçıvanın xarici ticarət dövriyyəsi 23 %-ə yaxın artıb
- 16 iyul, 2026
- 14:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 70,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,5 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 6,7 milyon ABŞ dolları ixracın, 63,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 14,4 %, idxal isə 23,4 % artıb.
Son nəticədə xarici ticarətdə 57,1 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 23,1 % çoxdur.
ixrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, elektrik enerjisi, alçıpan, mineral sular, travertin, aromatlaşdırılmış içkilər, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, buğda kəpəyi, soğan, şokolad və tərkibində kakao olan ərzaq məhsulları, məsaməli beton, çay və salfetka yer alıb.
Bu məhsullar Gürcüstan, Qırğızıstan, Yəmən, İran, Türkiyə, İsrail, Suriya, İraq, Rusiya, Amerika Birləşmiş Ştatları, Qazaxıstan və Ukraynaya ixrac edilib.