Mayın sərt dalğasında məhv olan arıçılıq - Balın qiymətində gözlənilən artım - Qaxdan REPORTAJ
- 03 iyun, 2024
- 07:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkə ərazisində cari ilin may ayının əvvəlindən başlayan yağıntılı hava şəraiti, xüsusilə, kənd təsərrüfatında ciddi fəsadlar yaradıb. Qeyri-sabit havaların ciddi ziyan vurduğu sahələrdən biri də arıçılıqdır. Qax rayonunda fəaliyyət göstərən arıçılar da havaların kəskinləşməsinin balın məhsuldarlığına və qiymətlərə təsiri ilə bağlı həyəcan təbili çalır.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax arıçıları hava şəraitinin əlverişsizliyi ilə əlaqədar məhsuldarlığın xeyli aşağı düşəcəyindən narahatdırlar.
Hazırda may balının süzümünə hazırlaşan arıçı Kamran Seydəli bunu hələ ki gerçəkləşdirə bilmir. Səbəb isə son həftələrdə aramsız yağan yağışlardır. Onun sözlərinə görə, arılar may ayında çiçəklərdən nektar toplayır. Ancaq yağışlı havalar bu prosesi ləngidir. Son günlər yağan dolu isə arı ailələrinin bəzilərinin məhvinə səbəb olub:
“May ayı ərzində, əsasən də akasiya dövründən sonra arılarımız demək olar, uçuş etməyiblər. Qoyduğumuz nəzarət tərəzisi də gəlir haqqında nikbin düşünməyə əsas vermir. Əgər tərəzidə gəlir yoxdursa, bu, arıçılıq üçün zərər dövrü sayılır. Hazırda qaratikan mövsümünün gur vaxtıdır. Qaratikan kollarının 50 faizdən çoxu artıq çiçək açsa da, arılar uçuş edə bilmir. Deyim ki, ərazidəki əsas arıxanalar Alazan vadisində yerləşir. Ümumi məhsuldarlıq azalarsa, bazar qaydalarına uyğun olaraq, bal da avtomatik bahalaşacaq. Bu il üçün may balı adlandırdığımız tərkibi qaratikandan ibarət olan balın süzülməsi yaxın müddət üçün real görünmür. Yağıntılı hava şəraitinin davam etməsi təsərrüfatlara əlavə ziyan vuracaq”
Arıçılar bildirirlər ki, yağıntılı və soyuq hava səbəbindən zəif düşən arıların bal süzümünə qədər yenidən güc toplamaları çətin olacaq. Arıçı İlham Abdullayev deyir ki, havalar bir müddət də belə davam edərsə, məhsuldarlıq iki dəfəyə qədər aşağı düşə bilər:
“Ümumiyyətlə, bizim arıçılıq sahəsində vəziyyət gördüyünüz kimi, ürəkaçan deyil. Hazırda təsərrüfatlarda nektarın güclü axın dövrü olmalı idi. Ancaq indi elə şərait yaranıb ki, may ayında aramsız yağışlar, havaların qəfil soyuması təsərrüfatlara ciddi ziyan vurub. Bu gedişlə inanmıram ki, may balının süzümünü vaxtında edə bilək. Açığı, qeyri-sabit hava normallaşmasa, məhsuldarlıq 70-80 faiz aşağı düşə bilər”.
30 ildir, arıçılıqla məşğul olan Hkmət Həsənov təsərrüfat fəaliyyəti ərzində may ayında havaların belə kəskinləşdiyini xatırlamadığını vurğulayıb:
“Mən 30 illik arıçılıq təcrübəmdə builki hava ilə birinci dəfədir, rastlaşıram. Bu il təbiət çox gözəl olsa da, havalar işimizi normal görməyə imkan vermir, müntəzəm yağan yağışlar arılara çox ziyan vurur. Belə getsə, bizim təsərrüfatlar ciddi zərərə düşəcəklər. Bu isə o deməkdir ki, hər pətəkdən 8-10 kiloqram az bal süzüləcək. Keçən il də təxminən belə vəziyyət yarandığından, balın qiymətinə təsir etmişdi. Hər halda, yəqin ki, bu il balın qiymətində artım olacaq. Hazırda mənim təsərrüfatımda 100 yeşik arı ailəsi var. Havalar mülayimləşməsə, bu qədər yeşikdən çəmi 200-250 kiloqram bal toplaya biləcəm. Bu isə üç dəfəyədək ziyana düşmək deməkdir”.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov "Report"un yerli bürosuna bildirib ki, bu ilin əvvəlindən arıçılıq üçün əlverişli keçən havalar may ayında kəskin dəyişib. Hazırda ölkənin bütün regionlarında mövcud olan arıçılıq təsərrüfatları riskli vəziyyətlə qarşı-qarşıya qalıblar:
“Arıçılıq üçün olduqca əlverişli başlayan il sonradan kəskin dəyişdi və davamlı yağışlar təsərrüfatlara böyük ziyan vurub. Ölkə ərazisində az qala bir aydır, yağmurlu hava şəraiti davam edir. Havalar düzəlməzsə, məhsuldarlıq çox aşağı düşəcək və balın qiyməti artacaq”.
Assosiasiya sədri onu da bildirib ki, arıçılıq təsərrüfatları üçün sığorta hələ də tətbiq olunmur. Lakin Azərbaycan Arıçılar Assosiasiyası ilə Aqrar Sığorta Agentliyi arasında faydalı müzakirələr aparılıb və 2024-cü il ərzində arıçılıq üçün sığortanın tətbiq olunması gözlənilir.
Qeyd edilir ki, may ayında yağışlı günlərin sayının çox olması arıçılıqda məhsuldarlığa mənfi təsir göstərəcək. Təsərrüfatlardakı hər arı ailəsindən təqribən 20 kiloqram məhsul götürüldüyü nəzərə alınsa, bu il həmin göstəricinin 10 kiloqrama düşəcəyi ehtimal olunur. Bu da arıçıların bir yeşik üçün 300 manat zərərə düşmələri anlamına gəlir. Odur ki, arıçılar ziyana düşməmək üçün ümidlərini havaların tezliklə düzələcəyinə bağlayıblar.