Macarıstanın tibbi texnologiya şirkəti Azərbaycana ixracının həcmini açıqlayıb
- 11 iyun, 2025
- 16:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstanın beynəlxalq səviyyədə fəaliyyət göstərən tibbi texnologiya şirkəti "Diagon" ötən il Azərbaycana ümumi dəyəri 100 min avrodan çox olan cihaz satıb.
Bunu “Report”a açıqlamasında şirkətin nümayəndəsi Zoltan Edvi bildirib.
"Ötən il bizim üçün xüsusilə uğurlu keçib. Tərəfdaşlarımız satış baxımından çox yaxşı nəticələr əldə etdilər. Satış həcmi gözləntiləri üstələdi və bu nəticələr bizi olduqca sevindirdi. Lakin bu il nədənsə proses bir qədər dayanıb, satışlar əvvəlki səviyyədə deyil. Bu dəyişikliklərin səbəblərini öyrənmək və mümkün həll yollarını tapmaq üçün hazırda Azərbaycandayıq. Səfərimizin əsas məqsədlərindən biri yerli tərəfdaşlarımızla birbaşa görüşlər keçirmək, mövcud distribusiya kanallarını təhlil etmək və satışın dayanmasının səbəblərini yerində araşdırmaqdır. Əminik ki, düzgün yanaşma və qarşılıqlı əməkdaşlıq sayəsində satışları yenidən bərpa etmək, hətta artırmaq mümkündür. Biz, orqanizm xaricində (in vitro) laborator analizlər üçün istifadə olunan diaqnostik avadanlıqların təchizatı üzrə ixtisaslaşmış bir şirkətik. Gələcəkdə bu sahədə daha da inkişaf etməyi düşünürük. Xüsusilə də qanla bağlı iki əsas sahə olan hematologiya (qan hüceyrələrinin analizi) və hemostaz (qan laxtalanmasının analizi) üzrə məhsul çeşidimizi artırmağı planlaşdırırıq”, - deyə o qeyd edib.
Şirkət rəsmisinin sözlərinə görə, onlar Bakıda keçirilən II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisində iştirak edirlər: “Sərgi bizim üçün yeni imkanlar təqdim edir. Burada təkcə Azərbaycan deyil, digər türk dövlətləri – Qazaxıstan, Özbəkistan və potensial olaraq Türkmənistanla yeni əməkdaşlıqlar qurmaq istəyirik. Məqsədimiz məhsullarımızın və xidmətlərimizin bu regionlarda geniş yayılmasına nail olmaqdır. Sərgi çərçivəsində keçirilən konfrans və tədbirlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Görüşlərimiz əvvəlcədən planlaşdırılıb. Macarıstan hökumətinin dəstəyi ilə ölkənin ən iri əczaçılıq distribyutor şirkətlərindən ikisi ilə və həmçinin Azərbaycanın tibb sahəsində mühüm rol oynayan qurumu – TƏBİB-lə rəsmi görüşlərimiz təyin olunub. Bu görüşlərdə həm mövcud vəziyyəti dəyərləndirəcəyik, həm də gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı konkret addımlar atacağıq. Ümid edirik ki, bu səfər və sərgi ilə həm mövcud tərəfdaşlıq əlaqələrimizi gücləndirəcək, həm də yeni bazarlara çıxış imkanlarımızı genişləndirəcəyik”.
"Diagon" şirkəti Macarıstanda yerləşən, in vitro diaqnostika sahəsində ixtisaslaşmış aparıcı istehsalçılardandır. Şirkət əsasən tibbi laboratoriyalar üçün nəzərdə tutulmuş analizatorların və diaqnostik reagentlərin hazırlanması ilə məşğuldur. Onun məhsulları hematologiya, hemostaz və immunoserologiya sahələrini əhatə edir. Şirkətin məhsul portfelinə tam avtomatlaşdırılmış qan analizi cihazları, koaqulyasiya (qan laxtalanması) analizatorları, müxtəlif laborator testlər üçün yüksək keyfiyyətli reagentlər daxildir. Şirkətin istehsal etdiyi sistemlər beynəlxalq IVDR standartlarına tam uyğun şəkildə hazırlanır və 100-dən çox ölkədə istifadə olunur.