Lusia Eheya: "AZEMBA proqramı çərçivəsində dərslərin biri Madriddə keçiriləcək"

Biznes
  • 21 sentyabr, 2026
  • 10:47
Lusia Eheya: AZEMBA proqramı çərçivəsində dərslərin biri Madriddə keçiriləcək

AZEMBA proqramı çərçivəsində dərslərin 4 modul sessiya Bakıda, 1-i isə Madriddə keçiriləcək.

"Report" xəbər verir ki, bunu IE Universitetinin dekan müavini Lusia Eheya İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin AZEMBA proqramının açılışında bildirib.

O qeyd edib ki, proqramın qurulması mərhələsində rəhbərlik və dövlət qurumları ilə sıx müzakirələr aparılıb: "Biz rəhbərliklə və dövlət qurumları ilə bir çox məsələləri müzakirə etdik. Sizdən soruşduq ki, "Qlobal MBA"proqramımızdan nə saxlanılmalı, nələr adaptasiya olunmalıdır? Burada nəyi dəyişməliyik, nə əlavə olunmalıdır? Məhz bu yanaşma sayəsində proqram akademik əsasları qorumaqla yanaşı, yerli mühitə tam uyğunlaşdırılıb".

L.Eheyanın sözlərinə görə, proqramın tədris təqvimi də fərqli olacaq: "Genişləndirilmiş təqvim üzrə işləyəcəyik. Belə ki, Madriddəki açıq proqramın 18 ayı əvəzinə bu proqram 22 ay davam edəcək. Çünki biz yeni özəlliklər gətiririk və öyrənmə prosesinin iştirakçıların gündəlik iş öhdəlikləri ilə paralel həyata keçirilməsinə şərait yaradırıq".

Dekan müavini vurğulayıb ki, proqram çərçivəsində xüsusi korporativ istiqamətlər müəyyən edilib: "SOCAR üçün xüsusi olaraq enerji keçidinə fokuslanan istiqamət dizayn etmişik. PAŞA Holdinq üçün isə süni intellekt dövründə müştəri yönümlülük üzərində işləyəcəyimiz istiqamət olacaq. Proqram boyunca qlobal perspektivlə təşkilatlarınızın və bazarınızın reallığı arasında sıx əlaqə quracağıq".

O, həmçinin ilk buraxılışın iştirakçılarına müraciət edərək tədrisin müxtəlif formatlarda keçiriləcəyini diqqətə çatdırıb: "İştirakçılar əyani (üz-üzə) sessiyalar, canlı onlayn dərslər, asinxron tapşırıqlar, fərdi refleksiya (düşünmə) saatları, qrup işləri, keyslər və tətbiqi layihələr vasitəsilə müxtəlif öyrənmə üsullarını təcrübədən keçirəcəklər. Bütün bunlar tənqidi düşüncəni və düzgün mühakimə yürütmək bacarığını inkişaf etdirməyə xidmət edəcək".