Lənkəranlı sahibkar: Arıçılığın inkişafında innovativ yeniliklərə nail olunub
- 24 sentyabr, 2025
- 14:09

Arıçılığın inkişafında müəyyən innovativ yeniliklərə nail olunub.
Bunu "Report"un Kəlbəcərə ezam olunan əməkdaşına açıqlamasında şəhərdə təşkil olunan Bal Festivalında iştirak edən lənkəranlı sahibkar Səyavuş Yaqubov deyib.
Onun sözlərinə görə, festivalda arıçılıq məhsulları ilə yanaşı, bu sahədə istifadə olunan avadanlıqlar da nümayiş etdirilir:
"Hazırladığımız "Supermatr" avadanlığı arıların gənəyə qarşı dərmanlama işinin aparılması üçün mükəmməl vasitədir. Bu avadanlığın üstün cəhəti arıları kimyəvi deyil, təbii vasitələrlə dezinfeksiyasına imkan verir. Bu avadanlıqla KOBİA-nın 2-ci qrant müsabiqəsinin qalibi olmuşuq.
O layihə hesabına öz istehsalımız olan bu avadanlıqları 40-dan çox təsərrüfata ianə etmişik. Bundan başqa, hazırladığımız tərəzi sayəsində arı ailəsində çəkinin artması və ya azalması, rütubətin səviyyəsi diqqətdə saxlanılır".
Fermer arıçılıq məhsullarının müalicəvi təsirindən, bu məqsədlə hazırlanmış avadanlıq haqqında da danışıb:
"APİTERAPİYA" adlı avadanlıqdan istifadə etməklə müalicə üsulu tətbiq edilir. Avadanlıqdakı 15 çərçivəyə mum, bal, güləm, arı zəhəri, arı südü, arı çörəyi qoyulur. Bu müalicə arıların hərəkəti zamanı oradan ayrılan hava ilə nəfəs almağı ehtiva edir".