Layihələrin idarə edilməsi ilə bağlı yeni dövlət standartları qəbul edilib

Biznes
  • 23 fevral, 2022
  • 11:01
Layihələrin idarə edilməsi ilə bağlı yeni dövlət standartları qəbul edilib

Azərbaycanda layihələrin keyfiyyətli və səmərəli idarə olunmasının təmin edilməsi məqsədilə AZS ISO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar” və AZS ISO 21502:2022 “Layihə, proqram və portfelin idarəedilməsi. Layihənin idarə edilməsinə dair təlimat” yeni dövlət standartları qəbul edilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, yeni standartların layihələrini Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Yeni standartlar dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlara, eləcə də mürəkkəbliyindən və müddətindən asılı olmayaraq istənilən layihə, proqram və portfelə şamil edilir. Bu standartların ölkədə tətbiqi beynəlxalq idarəetmə prinsiplərinə əsaslanan effektiv idarəçiliyin təşkilində faydalı olacaq.