KOBİA video təlim platformasını sahibkarların istifadəsinə verib
- 05 oktyabr, 2021
- 06:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların fəaliyyəti üçün zəruri olan biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması üçün daha bir dəstək mexanizmi istifadəyə verilib.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Məlumata görə, sahibkarların təlim-tədris imkanlarının genişləndirilməsi və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin sürətləndirilməsi məqsədilə KOBİA innovativ yanaşma və müasir təcrübə əsasında video təlim platfoması yaradıb. Platformada biznesə başla, yumşaq bacarıqlar, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili istiqamətləri üzrə 180 təlim videosu, mövzuların təqdimatları və özünüqiymətləndirmə testləri yerləşdirilib.
KOB-lar, startaplar və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq video təlimlərdən yararlana, qazandıqları bilikləri özünüqiymətləndirmə testləri vasitəsilə yoxlaya bilərlər.
Video təlim platforması sahibkarların və biznesə başlamaq istəyən şəxslərin vaxtına və xərclərinə qənaət etməyə, istənilən yerdə peşəkar təlimçilərin təlimlərindən yararlanmağa imkan verəcək.
Sahibkarların ehtiyacları nəzərə alınmaqla platforma mütəmadi olaraq yenilənəcək, platformaya yeni təlim videoları yerləşdiriləcək.