KOBİA və “Startup Hub Poland Foundation” arasında Anlaşma Memorandumu imzalanıb

Biznes
  • 16 dekabr, 2022
  • 10:07
KOBİA və “Startup Hub Poland Foundation” arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Polşanın “Startup Hub Poland Foundation” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, Anlaşma Memorandumu bu gün Bakı Biznes Mərkəzində KOBİA, Polşanın Azərbaycandakı Səfirliyinin, “Startup Hub Poland Foundation” və “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən innovasiyalar üzrə Polşa-Azərbaycan seminarı çərçivəsində imzalanıb.

Memorandumu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Startup Hub Poland Fondu”nun təsisçisi (“V4ATB” proqramının rəhbəri) Maciej Sadovski imzalayıblar. Sənəd Polşa və Azərbaycanın biznes ictimaiyyəti, startaplar və investorlar arasında müvafiq sahədə məlumat və təcrübə mübadiləsini, tədbirlərin təşkilini nəzərdə tutur.

Tədbirdə innovasiyaların və startapların dəstəklənməsi sahəsində Polşa-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi imkanları, o cümlədən Polşa tərəfindən Azərbaycanda həyata keçirilən “V4-Azerbaijan Tech Bridge (V4ATB)” proqramı müzakirə edilib.

Seminarda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri innovativ sahibkarlığın inkişafının Azərbaycanın və Polşanın mövcud iqtisadi potensialının güclənməsində əhəmiyyətli olacağını, birgə təşəbbüslərin hər iki ölkədən olan sahibkarlar, startaplar və investorlar arasında müvafiq platformaların yaradılmasına töhfə verəcəyini qeyd edib. O. Məmmədov yerli sahibkarların innovativ fəaliyyətinin stimullaşdırılması üçün KOBİA-nın dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsi barədə də məlumat verib.

Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski “V4ATB” proqramına qoşulmuş Azərbaycan startaplarının təqdim etdiyi layihələrin maraqlı olduğunu, yerli startapların əsasən texnoloji və biznes tərəfdən hazırlıqlı olduqlarını vurğulayıb. Səfir proqramın 2023-cü ildə də davam etdiriləcəyinə əminliyini bildirib.

“Startup Hub Poland Fondu”nun təsisçisi (“V4ATB” proqramının rəhbəri) Maciej Sadovski Polşanın startap ekosistemi və innovasiyaların dəstəklənməsi sahəsində mexanizmlər, eləcə də “V4ATB” proqramı barədə məlumat verib.

“İdealHub” İnnovasiya və Texnologiya Mərkəzinin ("V4ATB”in Azərbaycan üzrə tərəfdaşı) təsisçisi Tural Kərimli mərkəzin fəaliyyəti və proqram barədə fikirlərini bölüşüb.

Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məsləhətçisi İqor Ovçarenko da çıxış edib.

44 - Tezliklə