KOBİA “Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai müzakirə təşkil edib

Biznes
  • 31 may, 2022
  • 11:02
KOBİA “Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai müzakirə təşkil edib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai müzakirə təşkil edib.

"Report" Agentliyə istinadən xəbər verir ki, tədbir qurumun yanında İctimai Şuranın təşkilatçılığı ilə baş tutub.

Toplantıda təhsil sahəsində sahibkarlıqla məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə beynəlxalq təcrübə və dövlət-özəl əməkdaşlığı müzakirə edilib. İctimai müzakirəyə təhsil naziri Emin Əmrullayev, təhsil sahəsində fəaliyyət göstərən KOB subyektləri, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri qatılıb.

İctimai Şuranın sədri Fərhad Qaraşov rəhbərlik etdiyi qurumun fəaliyyəti, eləcə də ictimai müzakirənin məqsədi barədə məlumat verib, tədbirin təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ehtiyaclarının öyrənilməsi, sektora investisiya qoyuluşu və təhsildə dövlət-özəl tərəfdaşlığına dair müzakirələrin aparılması üçün keçirildiyini vurğulayıb.

E.Əmrullayev isə ölkəmizdə təhsilin inkişafı, bu sahədə görülən işlər, təhsilin biznes sahəsi kimi formalaşması, bu sahədə imkanlar və beynəlxalq təcrübə barədə danışıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, müxtəlif sahələrdə, o cümlədən təhsil sektorunda biznesin inkişafına dəstək göstərmək KOBİA-nın fəaliyyət istiqamətlərindən biridir. O, vurğulayıb ki, Agentlik təhsil biznesi sahəsində əlavə təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsinə, eləcə də mövcud resurslar çərçivəsində sektorda çalışan sahibkarlarla birlikdə onların layihələrinin icrasına dəstəyini davam etdirir, KOB subyektlərinin dəstəklənməsinə yönəldilmiş model və mexanizmlər hazırlanmasında təhsil sektorundakı KOB-ların potensialından faydalanmaqda maraqlıdır.

Tədbir çərçivəsində yeni yaradılmış Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli təqdimatla çıxış edərək təşkilatın fəaliyyəti barədə məlumat verib.