KOBİA ötən il 6 mindən çox vətəndaş müraciəti qəbul edib
- 19 yanvar, 2023
- 07:26
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə İqtisadiyyat Nazirliyi tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 6 300-ə yaxın vətəndaş müraciət edib ki, bunların da 1 200-dən çoxu KOB subyeklərinin maraqlarının müdafiəsi ilə bağlı olub.
"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
"1 200-dən çox müraciətin 21,2%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll edilib. Müraciət edənlərin 64,8 %-nə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 9%-i aidiyyəti üzrə digər qurumlara yönləndirilib", - deyə o qeyd edib.
O. Məmmədov vurğulayıb ki, ötən il Yevlax və Xaçmaz KOB evlərində sahibkarlara ümumilikdə 73 mindən çox “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmətlər göstərilib, bu in 6 yanvar tarixində fəaliyyətə başlamış “Bakı KOB evi”ndə isə sahibkarlara dövlət və özəl qurumlar 250-dən çox xidmət göstərir.
"Ümumilikdə, KOB evləri üzrə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. Növbəti mərhələdə Gəncə şəhərində KOB evinin yaradılması nəzərdə tutulur", - deyə sədr qeyd edib.
"2022-ci ildə 11 (Zaqatala, Ağdam, Ağcabədi, Ağstafa, Daşkəsən, Göygöl, Qax, Xızı, Zəngilan, Tovuz və Gədəbəy rayonlarında) KOB dostu fəaliyyətə başlayıb. Hazırda KOB dostu şəbəkəsi ölkənin 38 şəhər və rayonunu əhatə edir. KOB dostları KOBİA-nın yerlərdəki nümayəndələri olmaqla, sahibkarlıq fəaliyyəti ilə bağlı biznes subyektlərinə yerində operativ dəstək və xidmətlər göstərir", - deyə O.Məmmədov əlavə edib.