KOBİA: KOB-lar şəhər transformasiyasında və "yaşıl keçid"də mühüm rol oynayır

Biznes
  • 21 may, 2026
  • 13:11
KOBİA: KOB-lar şəhər transformasiyasında və yaşıl keçiddə mühüm rol oynayır

Bütün dünyada şəhər aqlomerasiyaları iqlim dəyişiklikləri, sürətlənən urbanizasiya, resursların bölüşdürülməsi problemləri, sosial bərabərsizlik və iqtisadi transformasiyalarla şərtlənən getdikcə daha kompleks çağırışlarla mübarizə aparmağa məcburdur.

"Report"un məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı, inklüziv və həyat qabiliyyətli şəhərlərin yaradılmasının əsas iştirakçıları kimi Kiçik və Orta Biznesin (KOB) imkanlarının genişləndirilməsi" mövzusunda panel müzakirəsində bildirib.

"Bu problemlərin aradan qaldırılması hökumətlərin, beynəlxalq institutların, vətəndaş cəmiyyətinin, akademik ictimaiyyətin və xüsusilə özəl sektorun iştirakı ilə sistemli və əlaqələndirilmiş yanaşmanı nəzərdə tutur. Əminik ki, kiçik və orta müəssisələr şəhər mühitinin davamlı transformasiyasının əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. KOB-lar təkcə iqtisadi artıma və məşğulluğun təmin edilməsinə deyil, həm də innovasiyaların tətbiqinə, "yaşıl keçid"ə, rəqəmsallaşmaya, lokal xidmətlərin inkişafına və şəhər icmalarında sosial birliyin möhkəmləndirilməsinə kömək edir", - O.Məmmədov vurğulayıb.