KOBİA I yarımildə 600-dən çox sahibkara satış məsələsində dəstək verib
- 25 iyul, 2022
- 12:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 600-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətlərinin 16 sərgi və yarmarkada nümayiş olunmasına və satışına təmənnasız olaraq dəstək göstərib.
Bu barədə “Report”a KOBİA-dan məlumat verilib.
Məlumata görə, sərgi və yarmarkalarda iştirak edən sahibkarların 80%-i mikro, 15%-i kiçik, 5%-i isə orta sahibkarlıq subyekti olub. Onlar əsasən, sənaye, kənd təsərrüfatı, qida, tekstil, əl işləri və digər fəaliyyət sahələri üzrə məhsul və xidmətlərini təqdim ediblər.
Yanvar-iyun aylarında sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbkələrinə çıxışına dəstək məqsədilə KOBİA-ya 59 müraciət daxil olub. Müraciətlərin 30-u qida məhsulları, 27-si qeyri-qida məhsulları, 2-si isə digər kateqoriyaya aid məhsullarla bağlıdır.
Agentlik “Şərq bazarı” kompleksində və “Bolmart” marketdə müvafiq yer icarəyə götürməklə mikro və kiçik sahibkarların məhsullarının satışına başlayıb. Burada KOB subyektlərinin bal və arıçılıq məhsulları, un və un məmulatları, granola qida məhsulu, alkoqolsuz içkilər, alma sirkəsi, quru meyvələr, ədviyyatlar, əl işləri və digər məhsulları satılır.