KOBİA Abşeron sahibkarlarının təkliflərini dinləyib
- 18 sentyabr, 2025
- 17:13

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
"Report" KOBİA-ya istinadən xəbər verir ki, Dövlət Suverenliyi Günü münasibətilə təşkil olunmuş budəfəki görüşdə sənaye, tikinti, kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq, ictimai iaşə və s. sektorlarda fəaliyyət göstərən 140-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və əlverişli biznes mühitin yaradılması üçün dövlətin dəstək alətləri, eləcə də rayonun iqtisadi potensialı və mövcud imkanlardan istifadə olunmaqla yeni bizneslərin yaradılması, investisiya qoyuluşu üçün perspektivlər barədə məlumat veriblər.
Bildirilib ki, Abşeron rayonu müxtəlif biznes sahələri üzrə böyük potensiala malikdir. Son dövrlərdə Abşeronda əhali artımı fonunda sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər xidmət və tikinti sektorunda investisiya imkanlarını dəyərləndirə bilərlər.
Rayonda ictimai iaşə, logistika, təhsil və səhiyyə xidmətlərinin təşkili üçün potensial genişdir. Xüsusilə də innovativ yanaşmalar tətbiq etməklə məhsul və xidmət çeşidini artırmaq olar. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, vergi güzəştləri, investisiya təşviqi sənədi, klasterləşməyə dəstək və digər mexanizmlər rayonda fəaliyyət göstərən sahibkarlar və biznesə başlayanlar üçün əhəmiyyətli imkanlar yaradır. Yeni biznes ideyaları və investisiya təşəbbüsləri olan sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən də faydalana bilərlər.
Görüşdə torpaqların təyinatının dəyişdirilməsi, işğaldan azad olunmuş ərazilərdə inkluziv tədris mərkəzinin yaradılmasına, xarici bazarlara və ticarət şəbəkələrinə çıxışa dəstək, güzəştli kreditlər, sahibkarlıq fəaliyyətinin sənədləşdirilməsi, müxtəlif infrastruktur və kommunal xidmətlərlə bağlı məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb.