KOBİA-ya 1 mln. avro yardım ayrılacaq - ƏLAVƏ OLUNUB
- 22 noyabr, 2018
- 09:04
İlk xəbər saat 11:49-da verilib
Bakı. 22 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 mln. avro yardım ayıracaq.
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən 9-cu Azərbaycan Mikromaliyyə Konfransından Aİ-nın yerli nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas məlumat verib.
“Aİ-nın Azərbaycana ayırdığı vəsaitlər üzrə prioritet sahələr təhsil, o cümlədən peşə təhsili, kənd yerləri əraziləri və kənd təsərrüfatının inkişafıdır. İndiyə qədər KOBİA-nın yaradılmasına, eləcə də bu sahədə qanunun qəbul edilməsinə dəstək vermişik. Həmçinin Agentliyə 1 mln. avro yardım göstərəcəyik”, - o qeyd edib.
Bundan başqa, səfirin sözlərinə görə, Aİ-nın Azərbaycan Mikromaliyyə Asssosiasiyası (AMFA) ilə birgə kənd yerlərinə dəstəklə bağlı dəyərti 10 mln. ABŞ dolları olan təşəbbüsü var: “Yaxın aylarda AMFA 4 əsas regionun inkişafı üçün qrantların yönəldiləcəyi istiqamətləri açıqlayacaq. 2020-ci ildə Lənkəran iqtisadi zonasının inkişafına başlayacağıq. Burada əsas məsələ meyvə- tərəvəzçiliyin inkişafı, rəqabət qabiiyyətinin artırılmasıdır”.
***
AMFA-nın icraçı direktoru Jalə Hacıyeva isə bildirib ki, Aİ-nın maliyyələşdirəcəyi layihə məşğulluğun artırılması və Azərbaycanın regionlarında mikrobiznesin inkişafı, ev təsərrüfatlarında gəlirlərin artırılması üçün şərait yaratmaqla yanaşı uzun müddətli dayanıqlılığı təmin edəcək: "AMFA olaraq inanırıq ki, Maliyyə Bazarların Nəzarət Palatası maliyyə inklüzivliyinə xidmət edən maliyyə institutları üçün əlverişli tənzimləmə və dinamik nəzarət çərçivəsinin yaradılması ilə yanaşı mikromaliyyə institutlarının da ödəniş sistemlərinə inteqrasiyası istiqamətində planlaşdırılmış tədbirlərin həyata keçirilməsini sürətləndirəcək. Bu, xüsusilə regionlarda və kənd yerlərində maliyyə xidmətləri ilə təminatın yaxşılaşdırılması, müştərilərə hərtərəfli və keyfiyyətli xidmətlərin göstərilməsi, regional iqtisadi inkişafa və məşğulluğa dəstək verilməsini hədəfləyən bir tədbir kimi "Maliyyə Xidmətlərinin İnkişafı üzrə Strateji Yol Xəritəsi"nin icrasından gözlənilən nəticələrdən biridir".