Orxan Məmmədov: “Xaçmaz KOB Evində 25 pəncərə fəaliyyət göstərəcək”

Biznes
  • 07 fevral, 2020
  • 11:32
Orxan Məmmədov: “Xaçmaz KOB Evində 25 pəncərə fəaliyyət göstərəcək”

Bu gün Xaçmaz rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznes Evində (KOB Evi) 25 pəncərə fəaliyyət göstərəcək.

“Report”un məlumatına görə, bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, onlardan 15-i dövlət qurumları, digər 10 pəncərə isə özəl şirkətlər tərəfindən sahibkarlara xidmət göstərəcək.

O.Məmmədov bu KOB Evinin hansı səbəbdən Xaçmazda açılmasına aydınlıq gətirərək bildirib ki, bu bölgədə ixrac-idxal əməliyyatları üzrə ixtisaslaşdırılmış sahibkarlar fəaliyyət göstərir: “Bundan başqa, turizm sahəsi də bu rayonda geniş vüsat alıb. Bu sahədə bu rayondan xeyli sayda sahibkarlar var. Hesab edirəm ki, bu aktivlik onun nəticəsidir ki, biz bu rayonda ilk KOB Evini açdıq. Həmçinin bu rayonda meyvə-tərəvəz idxal-ixracatçıları da faəliyyət göstərirlər. Bu KOB Evindəki pəncərələr və dövlət qurumları bu sahibkarlara konkret olaraq kömək edəcəklər”.

KOBİA rəhbəri bildirib ki, sahibkar tərəfindən də çox böyük aktivlik müşahidə edilir: “Hesab edirəm ki, KOB Evinin açılışının sahibkarlara və bölgəyə çox böyük xeyri dəyəcək”.

O qeyd edib ki, KOB Evində "bir pəncərə" vasitəsilə sahibkarlara Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Agentliyin və Dövlət Reklam Agentliyinin xidmətləri göstəriləcək. 

44 - Tezliklə