“KamAZ” Azərbaycanla yeni, mümkün əməkdaşlıq istiqamətlərini açıqlayıb
- 19 noyabr, 2021
- 06:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyaya məxsus “KamAZ” ASC Azərbaycana yeni nəsil (K5) yük avtomobilləri, kommunal və yol texnikaları, elektrobuslar tədarük etmək istəyir.
Bu barədə “Report”a “KamAZ”ın baş direktor müavini Rustam Şamsuddinov məlumat verib.
O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə kommunal və yol texnikaların çatdırılması ilə bağlı göstəriş verib: "Biz bu texnikaların ölkəyə idxalını, eləcə də “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi ilə birlikdə yığımını təşkil edə bilərik".
Hazırda Azərbaycan səfərdə olan R. Şəmsəddinov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüşlər keçirdiyini deyib: "Nazirlikdə şirkətin istehsal etdiyi avtobus və elektorobusların Azərbaycana tədarükü ilə bağlı müzakirələrimiz olub. “KamAZ” Rusiyada bu sahədə qabacıl şirkətlərdən biridir. Təkcə paytaxt Moskvada bizim istehsalımız olan 600-a yaxın elektrobus işləyir. Bu sahədə Azərbaycanla da əməkdaşlıq edə bilərik".
Xatırladaq ki, "KamAZ"ın GAZ ilə əməkdaşlığı 2014-2015-ci illərdə başlayıb. İndiyə qədər zavodda 8 model üzrə 1 000-dən çox "KamAZ" markalı maşın istehsal olunub. Şirkətin Azərbaycanda birgə yığımını planlaşdırdığı K5 yük avtomobilləri Avropada istismar olunan 8 ən yaxşı yük avtomobilindən biridir.