İstanbul Azərbaycana məhsul ixracında lider ölkələri üstələyib
- 17 avqust, 2023
- 08:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında İstanbuldan Azərbaycana 666 milyon 198 min ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,1 % artım deməkdir.
Bu barədə “Report” Türkiyənin İxracat Məclisinə istinadən xəbər verir. İyulda İstanbuldan Azərbaycana 86 milyon 388 min ABŞ dollarlıq məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 10,1 % çoxdur.
Azərbaycana məhsul ixrac edən Türkiyənin şəhərləri arasında İstanbul liderdir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, İstanbul həmçinin Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələrin də əksəriyyətini üstələyib.
Belə ki, bu şəhərdən məhsul idxalının dəyəri Almaniya, Fransa, İran, ABŞ, İtaliya, Qazaxıstan, Böyük Britaniya, Yaponiya, Belarus, Koreya, Ukrayna, Türkmənistan və digər ölkələrdən çoxdur. Bir sözlə İstanbuldan məhsul idxalının göstəricisi Rusiya və Çindən sonra gəlir və Türkiyədən məhsul idxalının təxminən 50 %-ini əhatə edir. Belə ki, 7 ayda Azərbaycan Türkiyədən 1 milyard 323 milyon 60 min ABŞ dolları dəyərində məhsul gətirib.