İranın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin 19,3 %-i Azərbaycanın payına düşüb

Biznes
  • 23 fevral, 2023
  • 11:09
İranın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin 19,3 %-i Azərbaycanın payına düşüb

İranın təqvim ilinin 10 ayında (21 mart-20 yanvar dövrü əhatə edir) Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 9,19 % artaraq 3,03 milyard ABŞ dolları təşkil edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Gömrük İdarəsi məlumat yayıb.

İl ərzində İranın yük dövriyyəsi Xəzəryanı ölkələrlə 12,59 % azalaraq 5,54 milyon ton həcmində olub.

Hesabat dövründə İranın əsas ticarət tərəfdaşı 1,79 milyard ABŞ dollarla (illik müqayisədə 1,27 % az) Rusiya olub. Bu ölkə ilə yük dövriyyəsi 20,23 % azalaraq 3,11 milyon ton təşkil edib.

Onu 583,37 milyon ABŞ dollarla (23,45 % çox) Azərbaycan (yük dövriyyəsi 9,59 % artaraq 647,809 min ton), 389,65 milyon ABŞ dollarla (32,64 % çox) Türkmənistan (yük dövriyyəsi 2,65 % azalaraq 1,1 milyon ton olub) və 265,9 milyon ABŞ dollarla (33,21 % çox) Qazaxıstan (yük dövriyyəsi 11,27 % artaraq 664,991 min tona çatıb) izləyib.

Eyni dövrdə ticarət dövriyyəsinin 1,67 milyard ABŞ dolları dəyərində 3,25 milyon tonu ixracın payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 23,81 % azalma və 3,41 % artım deməkdir.