İran Azərbaycanla qeyri-neft ticarət dövriyyəsini bir ildə 13 % artırıb

Biznes
  • 10 may, 2023
  • 08:15
İran Azərbaycanla qeyri-neft ticarət dövriyyəsini bir ildə 13 % artırıb

İranın təqvim ili martın 20-də yekunlaşan 1 401 ildə Azərbaycanla qeyri-neft ticarət dövriyyəsi 688 milyon ABŞ dolları təşkil edib.

“Report”un “Tehrantimes”ə istinadən verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının Gömrük Administrasiyasının (IRICA) açıqladığı hesabatda deyilir.

Hesabata əsasən, bu da 1 400-cü illə müqayisədə 13 % çoxdur. Bir il öncə iki ölkə arasında qeyri-neft əmtəə dövriyyəsi 608 milyon ABŞ dolları səviyyəsində olub.

İran Sənaye Palatasının Ticarətin İnkişafı Komitəsinin sədri Ruhulla Lətifi bildirib ki, İrandan Azərbaycana ixrac edilən əsas məhsullar arasında komponentlər və hissələr, borular, alüminium, qablaşdırılmış yağ, kartof, qızdırıcılar, qeyri-elektrik cihazlar, toz olmayan polietilen birləşmə, məftil və kabellər üçün xüsusi polietilen birləşmə, xüsusi çəkisi olan polietilen plyonka, dəmir və polad külçələr təşkil edib.

İranın Azərbaycandan idxal edilən əsas məhsullar isə frezer dəzgahları, avtomobil sürət qutuları, elektrik və istilik enerjisinin eyni vaxtda istehsalı üçün qaz generatorları, tornalar, hava generatorları, lövhə presləri, bükmə dəzgahları (preslər), borular, avtomobil mühərriklərinin idarəetmə blokları, kompressorlu generator dəstləri, pistonlu mühərriklər olub.

Komitənin sədri qeyd edib ki, ümumilikdə İranın qonşuları ilə qeyri-neft ixracının dəyəri bir ildə 19 % artıb.

R. Lətifi bildirib ki, ötən il qonşu ölkələrə 30 milyard 537 milyon ABŞ dolları dəyərində 75 milyon 184 min ton qeyri-neft məhsulları ixrac edilib.

Onun sözlərinə görə, İran ötən il qonşu ölkələrdən 28 milyard 305 milyon ABŞ dolları dəyərində 21,582 milyon ton qeyri-neft məhsulları idxal edib ki, bu da daha əvvəlki illə müqayisədə 10 % çoxdur.

Iran rəsmisi daha sonra bildirib ki, İranın qonşu ölkələrlə qeyri-neft ticarəti onun ümumi qeyri-neft ticarətinin 52 %-ini, bu ölkələrə ixracının isə 57,5 %-ini təşkil edir.

1401-ci ildə İranın qonşu ölkələrə ümumi idxalı isə ölkənin ümumi qeyri-neft idxalının 47,5 %-ini təşkil edir ki, bu da İranın xarici ticarətində qonşuların artan əhəmiyyətini və sanksiyalar altında olan ölkənin ehtiyaclarını ödəmək üçün valyuta cəlb edilməsini göstərir. .

R. Lətifi daha əvvəl elan etmişdi ki, ötən İran təqvim ilində İranın qeyri-neft ixracının dəyəri 10 % artıb. O bildirib ki, ötən il 53 milyard 166 milyon ABŞ dolları dəyərində 122,056 milyon ton qeyri-neft məhsulları ixrac edilib.

Qurum rəsmisi onu da bildirib ki, ötən il ölkəyə 59 milyard 655 milyon ABŞ dolları dəyərində 37,18 milyon ton qeyri-neft malları idxal olunub, çəkisi 10 % azalıb, dəyəri isə illik müqayisədə 13 % artıb.

O qeyd edib ki, ölkənin qeyri-neft ticarəti əvvəlki illə müqayisədə 11,2 % artaraq dəyəri 112,821 milyard ABŞ dolları olmaqla 159,236 milyon tona çatıb.

Bildirilir ki, qonşu ölkələrə qeyri-neft ixracının artırılması İran hökumətinin son illərdə həyata keçirdiyi əsas planlardan biridir.