İƏT rəsmisi: "Qlobal halal sənayesi illik 10 %-dən çox artıb"
- 07 oktyabr, 2025
- 11:27

Qlobal halal sənayesi illik 10 %-dən çox olmaqla artım nümayiş etdirir.
"Report" xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin iqtisadi məsələlər üzrə müşaviri Ahmad Kavesa Sengendo II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda deyib.
O bildirib ki, görünməmiş və sürətlə dəyişən iqtisadi, texnoloji və sosial reallıqlar dünyasında halal sənayenin bütün potensialını üzə çıxarmağın əhəmiyyətini qiymətləndirmək olmaz: "Bu gün halal artıq təkcə dinlə bağlı olmayan qlobal bir hadisədir. "Halal" etiketi haqlı olaraq keyfiyyət və sağlamlığın simvoluna çevrilib. Hesabatlara görə, halal sənayesi altı il ərzində 2014-cü ildəki 3,2 trilyon ABŞ dollarından 2020-ci ildə 4,7 trilyon ABŞ dollarına kimi artıb".
Onun sözlərinə görə, halal iqtisadi fəaliyyətin potensialı və inkişafı təkcə 1,9 milyarddan çox müsəlman üçün deyil, bütün bəşəriyyət üçün böyük imkanlar açır: "2024-cü ildə halal məhsulların ilk on ixracatçıları - Braziliya, Hindistan, ABŞ, Rusiya Federasiyası, İndoneziya, Argentina, Türkiyə, Avstraliya, Çin və Malayziyadır. İlk on idxalçıya İndoneziya, Malayziya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Banqladeş, Əlcəzair, İraq və Mərakeş (yenə də bu ardıcıllıqla) daxildir".