Həmkar qiymətləndirilməsi Sazişi çərçivəsində ilk onlayn tədbir keçirilib

Biznes
  • 07 yanvar, 2021
  • 14:00
Həmkar qiymətləndirilməsi Sazişi çərçivəsində ilk onlayn tədbir keçirilib

Azərbaycan Hesablama Palatası və Türkiyə Hesablama Məhkəməsinin əməkdaşları arasında videokonfrans formatında görüş keçirilib.

Bu barədə “Report”a palatadan bildirilib.

Məlumata görə, görüş cari ilin yanvarın 5-də imzalanmış Həmkar qiymətləndirilməsi Sazişi ilə nəzərdə tutulmuş iş planında qeyd edilmiş fəaliyyətlər çərçivəsində olan ilk tədbirlərdəndir. Onlayn görüşün açılış mərasimində Türkiyə Hesablama Məhkəməsinin sədr müavini Zekeriya Tüysüz çıxış edib. Nitqi zamanı Z.Tüysüz bu növ əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini və hər iki tərəf üçün faydalı olacağını bildirib.

Tədbirin gedişatında Azərbaycan Hesablama Palatasını təmsil edən auditorlar Cəfər Həsənov və Vaqif Həsənov Azərbaycan-Türkiyə dost və qardaş münasibətlərinin peşəkar müstəvidə də daima əksini tapması fikrini səsləndirmiş, Hesablama Palatasında kənar dövlət maliyyə nəzarəti sahəsində toplanılmış təcrübə barədə məlumat vermişlər. Sonrakı mərhələdə, hər iki qurumun mandatına daxil olan uyğunluq, maliyyə və perfomans auditlərinin praktik aspektləri ətrafında təfsilatlı müzakirə aparılıb.

Yekunda, layihə ilə bağlı növbəti görüşlərə hazırlıq məqsədilə zəruri məlumatlar müəyyən edilmiş və və qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün əlavə təkliflər verilib.