HDC: ASEAN ölkələri qlobal halal istehlak və istehsal bazarının 25 %-ə qədərini təmin edir
- 16 iyun, 2026
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Halal sənaye Malayziyanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 10 %-ni təmin edir.
"Report" xəbər verir ki, bu barədə Malayziyanın Halal İnkişaf Korporasiyasının (HDC) Baş direktorunun ofisinin xüsusi əməkdaşı Məhəmməd Hadi bin Həmzə İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində baş tutan "Strateji liderlik dialoqu: Etik halal biznes modelləri və dayanıqlı maliyyələşmə" adlı panel müzakirəsi zamanı bildirib.
"Halal sahəsində Malayziyanın yolu əvvəldən sırf iqtisadi və ya sənaye layihəsi kimi nəzərdə tutulmamışdı. İstehlakçıların inamı və etibarı hər zaman təməl rolunu oynayıb", - o vurğulayıb.
HDC nümayəndəsi qeyd edib ki, üç onillikdən artıq bir müddət ərzində bu sistem genişmiqyaslı ekosistemə çevrilib:
"Bu gün ölkədə halal sertifikatlaşdırmadan keçmiş 12 000-ə yaxın şirkət fəaliyyət göstərir. Onlardan təxminən 222-si birjada listinqə malikdir ki, bu da ümumi bazar kapitallaşmasının təqribən 9,3 %-ni təşkil edir. Bu sahənin sənaye aktivləri təqribən 100 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Bununla yanaşı, onların təxminən 20 %-i birbaşa xarici investisiyaların payına düşür".
M.Həmzə, Malayziya təcrübəsindən çıxarılan əsas dərs kimi konvergensiya prinsipini – yəni bütün dövlət qurumlarının fəaliyyətini vahid sahə strategiyası ətrafında birləşdirmək və bu strategiyanı regional miqyasda tətbiq etmək bacarığı – vurğulayıb. Onun qiymətləndirmələrinə görə, ASEAN dövlətləri qlobal halal istehlak və istehsal bazarının 20 %-dən 25 %-ə qədərini təmin edir.