Gürcüstanın 7 ayda ixrac etdiyi kartofun 81 %-i Azərbaycanın payına düşüb

Biznes
  • 20 avqust, 2024
  • 08:36
Gürcüstanın 7 ayda ixrac etdiyi kartofun 81 %-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 743,5 min ABŞ dolları dəyərində kartof ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstərici ilə müqayisədə 6 dəfə çoxdur.

Beləliklə, Azərbaycan təxminən 81 % payla Gürcüstanın kartof ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 919,5 min ABŞ dolları dəyərində kartof satıb ki, bu da 1 il əvvəlki göstəricidən 30 % çoxdur. O cümlədən, Gürcüstandan Rusiyaya 112,6 min ABŞ dolları, Belarusa 51,2 min ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərinə 6,3 min ABŞ dolları, Qazaxıstana 3,35 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 1,4 milyon ABŞ dolları dəyərində kartof ixrac edib ki, bunun da 861 min ABŞ dolları və ya 62 %-i Azərbaycanın payına düşüb.