Gürcüstan Azərbaycandan içki və tütün alışına çəkdiyi xərci ötən ay 33 dəfə artırıb
- 27 noyabr, 2024
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 25 milyon ABŞ dolları dəyərində içki və tütün idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricidən 5,3 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana analoji məhsullar tədarük edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Təkcə oktyabrda Gürcüstan Azərbaycandan 3 milyon ABŞ dolları dəyərində içki və tütün alıb. Bu, bir əvvələ nisbətən 33 dəfə çoxdur.
Bu ilin ilk 10 ayında Gürcüstan xarici ölkələrdən 254 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 10 % çoxdur. O cümlədən Gürcüstan Litvadan 35 milyon ABŞ dolları, Türkiyədən 34 milyon ABŞ dolları, Ermənistandan 23,6 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirlikləri 12,4 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 286 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bunun da 12,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.