Gürcüstan Azərbaycana avtomobil ixracından qazancını sentyabrda 46 % artırıb

Biznes
  • 19 oktyabr, 2026
  • 17:35
Gürcüstan Azərbaycana avtomobil ixracından qazancını sentyabrda 46 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 149,59 milyon ABŞ dolları dəyərində 4 min 336 ədəd avtomobil ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,3 %, kəmiyyət olaraq – 32 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Təkcə sentyabrda Azərbaycan Gürcüstandan 21,13 milyon ABŞ dolları dəyərində 533 ədəd avtomobil alıb. Bu bir il əvvələ nisbətən müvafiq olaraq 46 % çox və 18,5 % azdır.

Bu ilin ilk 9 ayı ərzində Gürcüstan xarici ölkələrə 1 milyard 529 milyon ABŞ dolları dəyərində 63 min 141 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 24 % və 23 % azdır.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 619,8 milyon ABŞ dolları dəyərində 16 min 473 ədəd, Qazaxıstana 332,5 milyon ABŞ dolları dəyərində 21 min 36 ədəd, İrana 129,7 milyon ABŞ dolları dəyərində 7 min 380 ədəd, Tacikistana 83 milyon ABŞ dolları dəyərində 4 min 582 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.

44 - Tezliklə