Gömrükçülər 6 ayda 119 kq narkotik vasitəni və psixotrop maddəni qanunsuz dövriyyədən çıxarıb

Biznes
  • 26 iyul, 2024
  • 10:53
Gömrükçülər 6 ayda 119 kq narkotik vasitəni və psixotrop maddəni qanunsuz dövriyyədən çıxarıb

Bu ilin I yarısında Azərbaycanın gömrük orqanları 118 kq 750 qram narkotik vasitələri və psixotrop maddələri qanunsuz dövriyyədən çıxarıb.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu barədə gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin nəticələrinə dair açıqladığı hesabatda bildirilir.

Sənədə əsasən, ilin ilk yarım ilində ölkədə aşkar edilmiş və qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı 117 kq 32 qram təşkil edib.

Həmçinin, bu dövr ərzində o cümlədən 70 kq 447 qram marixuana, 25 kq 570 qram heroin, 20 kq 870 qram həşiş, 464, 62 qram digər narkotiklər və 1 kq 395 qram metamfetamin aşkar edilib.

Qeyd olunan dövr ərzində qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qızıl məmulatlarının, iri vergi tutumlu aksizli və digər bu qəbildən olan malların qanunsuz gətirilməsi üzrə törədilmiş bir sıra cinayətlərin qarşısı alınıb, onların istifadə etdiyi qaçaqmalçılıq kanalları aşkar olunaraq zərərsizləşdirilib.

Gömrük orqanları 6 ay ərzində aşkar olunmuş cinayətləri törədən 682 nəfər (488 Azərbaycan vətəndaşı, 194 xarici) barəsində müvafiq tədbirlər görüb, 63 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edib, 18 nəfər barəsində məhkəmə həbs, 1 nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçil, istintaq orqanı 11 nəfər barəsində polisin nəzarəti altına vermə, 33 nəfər barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçib.

44 filmi