"FutureThink": İnnovasiyalar üçün əsas maneə kapital deyil, düşüncə tərzidir
- 22 sentyabr, 2025
- 11:57

İnnovasiyaların qarşısındakı əsas maneə kapital çatışmazlığı və ya hərəkət etməyi istəməmək deyil, düşüncə tərzi və dəyişiklikləri dəstəkləyə bilən ekosistem yaratmaq bacarığıdır.
"Report" xəbər verir ki, bu barədə "FutureThink"in CEO-su Liza Bodell (Lisa Bodell) Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.
Onun sözlərinə görə, məhz inkişafa düzgün yanaşma və təşkilatların dayanıqlılığı onların uzunmüddətli perspektivdə transformasiya qabiliyyətini müəyyən edir.
L.Bodell vurğulayıb ki, əksər şirkətlərin və ölkələrin kifayət qədər resursları və imkanları var, lakin həlledici amil düşüncə tərzidir: "Əslində ən vacib olan düzgün düşüncə tərzidir - dayanıqlı olmaq bacarığıdır. İkincisi, inkişafı dəstəkləyə bilən ekosistemlər yaratmaqdır. Çox vaxt belə təşəbbüslər parlaq şəkildə başlayır, lakin sakitcə bitir. Buna görə də uzunmüddətli və sistemli düşünmək vacibdir".
Təşkilatların transformasiyasına əsas yanaşmalardan danışarkən L. Bodell dayanıqlılığı və inkişafı təmin etməyə kömək edən dörd istiqaməti vurğulayıb:
"Bunlardan birincisi cəsarətli və aydın gələcəyə dair baxışı qurulmasıdır. Belə bir ifadə var: "Gələcək sizin kim olduğunuz deyil, kimə çevrildiyinizdir". Məna daim özünüzü üstələməkdir. Axı təşkilatlardakı insanların əksəriyyəti dəyişikliklərə müqavimət göstərəcək. Əgər onların aydın və ilhamverici gələcəyə dair baxışı yoxdursa, onları sizinlə birlikdə irəli getməyə həvəsləndirmək çox çətindir".