Fərqanə vilayəti Azərbaycanın kənd təsərrüfatı məhsullarının emalında maraqlıdır
- 20 iyun, 2025
- 16:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan ilə Özbəkistanın Fərqanə vilayəti arasında iqtisadi əməkdaşlıq üçün böyük potensial var.
"Report" xəbər verir ki, bunu Özbəkistanın Fərqanə vilayətinin rəhbərinin müavini Nuriddin Mamajanov Bakıda keçirilən III Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.
Onun sözlərinə görə, bu ilin 5 ayında Özbəkistanın Fərqanə vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3,3 milyon ABŞ dolları təşkil edib: "Ancaq ticarət dövriyyəsini və investisiyaları artırmaq üçün böyük potensialımız var. Ötən ilin avqustunda Daşkənddə keçirilən investisiya forumu çərçivəsində ümumi dəyəri 144 milyon ABŞ dolları olan dörd yeni investisiya layihəsinin həyata keçirilməsi barədə razılıq əldə olunub”.
N.Mamajanov qeyd edib ki, Fərqanə vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqaməti Avropa bazarlarına ixrac üçün nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının emalıdır:
“Bundan əlavə, bu gün Çinin geniş bazarında ayrı-ayrı Azərbaycan şirkətləri ilə uğurla işləyirik. Həmçinin, Azərbaycanın "Azərsun" şirkəti ilə məhsullarının emalı üzrə layihə ilə bağlı danışıqlara başlamışıq. Layihənin ilkin dəyəri 140 milyon ABŞ dolları təşkil edir və hazırda danışıqlar davam edir”.