Fərid Qayıbov: "Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir"
- 01 noyabr, 2025
- 11:07
Azərbaycanda gənclər siyasəti sistemli şəkildə və uğurla həyata keçirilir.
"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda "Gənc MÜSİAD"ın təşkilatçılığı ilə keçirilən "Avrasiya Gənc İş Adamları Forumu"nda (EYBF2025) çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycanda gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
"Bilirsiniz ki, Azərbaycanda Gənclər günü qeyd olunur. Həmin gün ərəfəsində Gənclər Həftəsi təşkil edirik və həmin dövrdə ölkə başçısı daima gənclərlə görüşlər keçirir. Prezident tərəfindən gənclərə müxtəlif istiqamətlərdə, o cümlədən innovasiya və sahibkarlıq sahəsində mükafatlar təqdim olunur".
F. Qayıbov bildirib ki, gənclərin inkişafı və sahibkarlığa təşviqi istiqamətində dövlətin dəstəyi artmaqda davam edir:
"Dövlət tərəfindən bu sahədə müxtəlif forumlar keçirilir. Biz KOBİA ilə birgə artıq dörd dəfə gənclər üçün forum təşkil etmişik. Eyni zamanda, startap müsabiqələri, innovasiya yarışları keçirilir və qaliblərə beynəlxalq tədbirlərdə iştirak üçün dəstək veririk".
Nazir əlavə edib ki, Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi gənclərin yeni imkanlar əldə etməsinə şərait yaradır:
"Bu gün keçirilən forum yüksək səviyyədə təşkil olunub. Əminəm ki, burada qurulan tanışlıqlar və müzakirələr nəticəsində gələcəkdə yaxşı nəticələr əldə ediləcək".