Elgün Məhəmmədəlizadə: "Fermer artıq təkcə yerli deyil, xarici bazara da çıxır" - MÜSAHİBƏ

Biznes
  • 30 dekabr, 2025
  • 12:09
Elgün Məhəmmədəlizadə: Fermer artıq təkcə yerli deyil, xarici bazara da çıxır - MÜSAHİBƏ
Elgün Məhəmmədəlizadə

Azərbaycanda aqrar tədarük və təchizat sisteminin şəffaflığının artırılması, fermerlərin məhsullarının bazara çıxış imkanlarının genişləndirilməsi və yerli istehsalın dəstəklənməsi istiqamətində son illər ardıcıl addımlar atılır. Dövlət sifarişi ilə ərzaq təminatının elektron portal üzərindən təşkil edilməsi, alternativ satış kanallarının yaradılması, ixrac təşəbbüslərinin genişləndirilməsi və aqroturizmin inkişafı bu siyasətin əsas istiqamətlərindəndir. Bu proseslər, eyni zamanda, dövlət büdcəsinə qənaət olunmasına və bazarda sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.

Bu və digər məsələlərlə bağlı "Report"un suallarını Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə heyətinin sədri Elgün Məhəmmədəlizadə cavablandırıb:

– Əvvəlcə 2025-ci ildə aqrar tədarük və təchizat sahəsində ümumi vəziyyət barədə danışaq. Bu il necə keçdi, hansı işlər görüldü?

– 2025-ci il bizim üçün kifayət qədər uğurlu və çox aktiv il olub. Bu il həm dövlət büdcəsindən maliyyələşən qurumların ərzaq təminatı, həm də fermerlərin məhsullarının bazara çıxışı istiqamətində ardıcıl və sistemli işlər görülüb.

Əsas fəaliyyət istiqamətlərimizdən biri dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması əməliyyatlarının elektron qaydada, şəffaf və səmərəli şəkildə təşkil edilməsidir. Bu proseslər "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı vasitəsilə həyata keçirilib.

2025-ci ilin ilk 11 ayı ərzində elektron portal üzərindən 110 milyon manatlıq ticarət dövriyyəsi formalaşmışdır. Prosesdə 125 dövlət satınalan təşkilat və 104 satıcı iştirak etmişdir. Bu ticarət dövriyyəsi nəticəsində dövlət büdcəsinə 3,5 milyon manat qənaət edilib. Büdcə vəsaitlərinə qənaət bizim üçün əsas prioritetlərdən biri idi və bu nəticə elektron tədarük sisteminin effektivliyini açıq şəkildə göstərir. Qeyd edək ki, 2025-ci ildən etibarən Naxçıvan MR-də fəaliyyət göstərən dövlət müəssisə və təşkilatlarının da ərzaq təminatı vahid elektron portal-tedaruk.az portalı vasitəsiylə icra olunur.

Bu işlər bizim fəaliyyətimizin yalnız bir hissəsidir. Paralel olaraq fermerlərin məhsullarının bazara çıxışı, ixrac imkanlarının genişləndirilməsi və sosial layihələrin icrası istiqamətində də mühüm addımlar atılıb.

– Yerli fermerlərin məhsullarının bazara çıxışı ilə bağlı hansı konkret mexanizmlər mövcuddur?

Biz bu məqsədlə artıq 8 ildir ki, Bakı şəhərində "Kənddən şəhərə" yarmarkaları təşkil edirik. 2018-ci ildə başladığımız bu yarmarkalar müxtəlif vaxtlarda – həftə sonları, bayram günlərində, o cümlədən Novruz bayramında, eləcə də ilin sonuna yaxın - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində keçirilir.

2025-ci ildə yarmarkalarımızda təxminən 700-dən çox fermer məhsullarını satışa çıxarıb. Fermerlər mövsümi və ilboyu yetişdirdikləri məhsulları əlavə xərclər ödəmədən və heç bir vasitəçi olmadan birbaşa satışa çıxara biliblər. Bu yarmarkalar həm fermerlər üçün alternativ satış kanalıdır, həm də şəhər sakinləri üçün təbii və yerli məhsullara rahat çıxış imkanı yaradır. Ümumilikə cari ildə təşkil olunan yarmarkalarımızda fermerlər 3 milyon manatdan çox məhsul satışını həyata keçiriblər.

– Bu yarmarkaların coğrafiyası genişlənibmi?

– Bəli. Əvvəllər yarmarkalar əsasən Bakı şəhərində "Gənclik" metro stansiyasının çıxışında keçirilirdi. Bu ildən başlayaraq yarmarkaların fəaliyyət dairəsi genişləndirilmişdir. Hal-hazırda Bakı şəhərinin 8-dən çox metro stansiyasının çıxışında – "Əhmədli", "Qara Qarayev", "Xalqlar Dostluğu", "Neftçilər", "Nəriman Nərimanov"da və bu il ilk dəfə olaraq Sumqayıt şəhərində də "Kənddən şəhərə" yarmarkaları təşkil olunur.

Qürurverici haldır ki, biz bu təşəbbüsü azad edilmiş ərazilərə də daşıdıq. İlk dəfə olaraq Xankəndi şəhərində "Kənddən şəhərə" yarmarkası təşkil olundu. Yarmarkanın məqsədi şəhər sakinlərinin ətraf rayonlarda yetişdirilən kənd təsərrüfatı məhsullarına birbaşa çıxışını təmin etmək, yerli fermerlərin satış imkanlarını genişləndirməkdir.

– Xüsusi ixtisaslaşmış yarmarkalar fermerlər üçün hansı imkanlar yaradır, bu istiqamətdə hansı işlər görülüb?

– Bu il bizim üçün əlamətdar hadisələrdən biri də 25-ci Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasının keçirilməsi oldu. Yarmarkada 280-dən çox arıçı bal və digər arıçılıq məhsullarını təqdim etdilər. Arıçı fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsi, eyni zamanda, 25-ci Yubiley yarmarkanın təşkili ilə bağlı olaraq bu il olara brendləşmə və qablaşdırma istiqamətində dəstək göstərdik. Məhsulların müasir tələblərə uyğun şəkildə təqdim olunması həm satış həcminin artmasına, həm də istehlakçı etimadının güclənməsinə müsbət təsir göstərdi. Yarmarkanın yekunlarına əsasən, ümumilikdə 83,5 ton məhsul satışı həyata keçirildi ki, bu da ötən illə müqayisədə 23,7 % artım demək idi.

2025-ci ilin yeniliklərindən biri də bal məhsullarının keyfiyyətinin daha da artırılması məqsədi ilə nəzarət mexanizmlərinin genişləndirilməsi oldu. Belə ki, əvvəlki illərdə tətbiq olunan diastaza analizi ilə yanaşı, bu il ilk dəfə olaraq saxaroza analizi də aparıldı. Bu yanaşma məhsulların keyfiyyət göstəricilərinin daha dəqiq müəyyən edilməsinə imkan yaratdı.

Heç şübhəsiz ki, cari ildə bizim üçün ən əlamətdar hadisələrdən biri də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın Arıçılıq Məhsullarının Sərgi-Satış yarmarkasını ziyarət etmələri oldu. Bu, həm bizim üçün, həm də fermerlərimiz üçün böyük stimul, motivasiya olmaqla yanaşı göstərilən böyük diqqətin nümunəsi idi. Qeyd etmək istəyirəm ki, IDEA ictimai birliyinin "Gənc arıçı" layihəsinin iştirakçıları da Bal Yarmarkamızda iştirak edərək öz məhsullarını satışa çıxarmışdılar.

Bundan əlavə, 2025-ci ildə Kəlbəcərdə ilk dəfə Bal Festivalı təşkil olundu. Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevannın təşəbbüsü, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə keçirildi. Əlbəttə ki, bu tədbirlər işğaldan azad olunmuş ərazilərdə iqtisadi və sosial həyatın canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə isə festivalın daha geniş, hətta beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.

- İxrac istiqamətində hansı işlər görülüb?

– Biz fermerlərin məhsullarının yalnız daxili bazarda satışı ilə məhdudlaşmasını istəmirik. İxrac istiqamətində də onlara aktiv dəstək olmağa çalışırıq. Belə ki, cari ilin 25–27 fevral tarixlərində Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən II Məkkə Halal Forumunda iştirak etdik. Forumda təxminən 10 yerli istehsalçı və ixracatçının məhsulları təmsil olundu və bir sıra B2B görüşlər keçirildi. Bu il sitrus meyvə istehsalçılarının yerli və beynəlxalq bazarlarda marketinq fəaliyyətinin dəstəklənməsi, sitrus meyvələrinin ixracının təşviqi ilə bağlı fermerlərlə və AZPROMO (İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) vasitəsilə Azərbaycanın xarici ölkələrdəki Ticarət evləri ilə görüşlərimiz oldu. Düşünürük ki, gələcəkdə bu işlərimizin əhatə dairəsini genişləndirərək həm ölkə daxilində, həm də ölkə xaricində Fermerlərimzin satış imkanlarının artmasına faydalı olacaq. Dövlət proqramlarına müvafiq olaraq üzərimizə düşən işlərin icrasını davamlı şəkildə həyata keçirir və növbəti ildə də keçirməyə davam edəcəyik.

– Kiçik fermerlər məhsulların daşınması və logistika ilə bağlı çətinliklərlə üzləşirmi?

– Bəli, müşahidələrimiz göstərir ki, kiçik fermerlər bəzən məhsulların yığılması, saxlanması və daşınması ilə bağlı bəzi problemlərlə qarşılaşırlar. Belə hallarda biz onlara dəstək göstəririk.

Bu il, Xankəndi şəhərində, Zəngilanın Ağalı kəndində, Tovuz rayonunda keçirilən Aqrar Biznes Festivallarında, eləcə də, Bakıda və digər regionlarda baş tutan yarmarkalarda da qadın qruplarının və kiçik fermerlərin məhsullarının daşınmasına və satışının təşkilinə kömək etmişik. Bundan sonra da bu cür təşəbbüslərimizə davam edəcəyik.

–Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasında ədalətli qiymət mexanizmi necə formalaşır?

– Tedaruk.az elektron portalında bütün proseslər şəffaf və izləniləbiləndir. Qiymətlər müəyyən edilərkən Dövlət Statistika Komitəsinin orta illik qiymət göstəriciləri və İqtisadiyyat Nazirliyinin inflyasiya proqnozları əsas götürülür. Qiymət çərçivəsi əvvəlcədən müəyyən edilir və fermerlər bilirlər ki, növbəti il ərzində məhsullarını hansı qiymət intervalında sata bilərlər. Bu da həm alıcı, həm də satıcı üçün sabitlik yaradır.

– Portalda idxal məhsullarının satışı mümkündürmü?

– Bizim əsas məqsədimiz yerli istehsalı dəstəkləməkdir. Yalnız məhsulların yerli istehsalı olmadığı təqdirdə portalda idxal məhsulların satışına icazə verilə bilər. Portalda qeydiyyatdan keçən bütün satıcılar Qida Təhlükəsizliyi Agentliyinin sertifikatlarına malik olmalıdırlar.

– "Şəhərdən Kəndə" layihəsi aqroturizmin inkişafına necə təsir edir?

– Aqrar Tədarük və Təchizat ASC-nin həyata keçirdiyi sosial layihələrdən biri də kənd yerlərdində turizmin inkişafına dəstək olmaqdır. Bu məqsədlə "Şəhərdən kəndə" layihəsinə başlamışıq və son 5 ildə 31 aqroturizm təsərrüfatının formalaşmasına dəstək vermişik. Bu dəstək inventar, avadanlıq, marketinq və təşviqat istiqamətlərini əhatə edir. 2026-cı ildə daha 10-a yaxın təsərrüfatın dəstəklənməsi planlaşdırılır.

– Qadın fermerləri dəstəkləyən hər hansı bir layihəniz varmı?

– Bəli, AFAQ – "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" layihəsi kənd təsərrüfatında qadın sahibkarların sayının artırılması və onların inkişafı məqsədi ilə yaradılan layihədir. Layihə qadınların kənd təsərrüfatına əsaslanan biznes fəaliyyətlərini inkişaf etdirmək üçün informasiya, bilik və digər imkanlara çıxışını asanlaşdırır, həm özlərinin, həm də ailələrinin və kənd icmalarının sosial rifahının yaxşılaşmasına imkan yaradır. Layihə çərçivəsində son 5 ildə 300-dən çox qadına dəstək göstərilib. Cənab Prezidentin "Böyük Qayıdış" istiqamətində verdiyi çağırışlara dəstək olaraq, qurumumuz Qarabağda qadın sahibkarların iqtisadi fəallığının artırılması və dayanıqlı məşğulluq imkanlarının yaradılması üzrə təşəbbüslər həyata keçirir. 2025-ci ildə Xocalının Ballıca kəndində "AFAQ-ın Güllü Yaylaq" və "AFAQ-ın Qızıl Pətək" adlı iki qadın kooperativi yaradılıb və bu kooperativlərə inventar, yem dəstəyi, təlim və s. istiqamətlərdə dəstəklər olunubdur. Bu qadınlar artıq məhsul istehsal edir və satışını müstəqil şəkildə həyata keçirirlər.

– 2026-cı il üçün əsas hədəfləriniz nələrdir?

– 2026-cı ildə qarşımıza qoyduğumuz əsas hədəflər tedaruk.az elektron portalının əhatə dairəsinin daha da genişləndirilməsi yolu ilə daha çox fermerlərin prosesə cəlb olunması, fermerlərin məhsullarının qablaşdırılması və brendləşdirilməsi istiqamətində dəstəklərin davam etdirilməsi, fermerlərin istehsal etdiyi məhsulların alternativ satış kanallarına, bazarlara çıxışında çevikliyin artırılması, ixrac fəaliyyətinin gücləndirilməsi, yerli istehsalçıların beynəlxalq sərgi və forumlarda daha aktiv iştirakına dəstək, aqroturizm və sosial layihələrin genişləndirilməsidir.

44 filmi