Əbdüssalam Əl-Murşidi: "Azərbaycanla əməkdaşlıq qabaqcıl texnologiyalara çıxış imkanı yaradır"

Biznes
  • 08 oktyabr, 2025
  • 18:30
Əbdüssalam Əl-Murşidi: Azərbaycanla əməkdaşlıq qabaqcıl texnologiyalara çıxış imkanı yaradır

Oman və Azərbaycan "Oman Vision 2040" strategiyası çərçivəsində iqtisadiyyatın əsas sektorlarını inkişaf etdirmək məqsədilə 200 milyon ABŞ dolları kapitalla birgə Birbaşa İnvestisiya Fondu yaradır.

"Report"un "Oman Investment Authority"ə (OIA) istinadən məlumatına görə, bu barədə OIA sədri Əbdüssalam bin Məhəmməd Əl-Murşidi Azərbaycan İnvestisiya Holdinqi (AIH) ilə OIA arasında imzalanma mərasimində bildirib.

Onun sözlərinə görə, yeni fond yüksək əlavə dəyər yaradan layihələri təşviq etmək, istehsal, energetika, logistika və digər strateji sahələrə investisiyaları stimullaşdırmaq üçün bir platforma olacaq.

Məlumata əsasən, hər iki tərəf fondun ilkin kapitalının 200 milyon ABŞ dolları təşkil etməsi üçün bərabər şəkildə 100 milyon ABŞ dolları vəsait yatıracaq. Vəsaitlər qida sənayesi, istehsalat, bərpa olunan enerji, logistika, səhiyyə və pərakəndə satış sahələrinə yönəldiləcək.

M.Əl-Murşidinin sözlərinə görə, Azərbaycanla tərəfdaşlıq Omanın strateji prioritetlərinə uyğundur:

"Əməkdaşlıq qabaqcıl texnologiyalara çıxış imkanı yaradır və milli sahələrin inkişafına töhfə verir. Bu, Omanın etibarlı investisiya tərəfdaşı kimi roluna artan etimadı əks etdirir. Biz investisiyalarımızın sosial-iqtisadi faydasını artırmaq və milli iqtisadiyyat üçün əlavə dəyər yaratmaq məqsədilə perspektivli imkanları axtarmağa davam edəcəyik".

Azərbaycan İnvestisiya Holdinqinin baş direktoru Ruslan Əlixanov isə öz növbəsində vurğulayıb ki, fondun yaradılması ikitərəfli əməkdaşlığın yeni mərhələsini simvolizə edir:

"OIA və AIH arasında Birbaşa İnvestisiya Fondu gələcəyə istiqamətlənmiş və davamlı investisiyalar vasitəsilə iqtisadi əlaqələri gücləndirməyə olan ümumi sadiqliyimizi əks etdirir".

Qeyd olunur ki, bu fond OIA-nın xarici qurumlarla yaratdığı onuncu tərəfdaşlığıdır. Bundan əvvəl Türkiyə, Qətər, Bruney, Özbəkistan, Hindistan, Vyetnam, İspaniya, Pakistan və Çindən olan təşkilatlarla oxşar sazişlər imzalanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti