Dövlət Xidməti Hesablama Palatasının iradlarına cavab verib
- 21 noyabr, 2025
- 12:57
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi haqqında yeni qanunun qəbulu dövlət qurumlarının rəylərinə görə gecikir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Xatırladaq ki, Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə də yeni qanunun qəbulunun gecikdiyi bildirilib. Sənədə əsasən, "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın "Yeni özəlləşdirmə strategiyasının həyata keçirilməsi" fəaliyyət istiqamətində qanun layihəsinin 2023-cü ildə hazırlanması və qəbulu nəzərdə tutulsa da, bu tədbir indiyə qədər icra edilməyib.
Dövlət Xidmətindən qeyd edilib ki, gecikmənin əsas səbəbi aidiyyəti dövlət qurumlarının çoxsaylı və fərqli məzmunlu rəylərinin toplanması və ümumiləşdirilməsi ilə bağlıdır. Təqdim edilən təkliflərin çoxluğu və müxtəlifliyi onların razılaşdırılması müddətini uzadır.