Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb

Biznes
  • 18 oktyabr, 2025
  • 10:35
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir: "Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır".

Dövlət başçısı qarşılıqlı ticarətdə də müsbət dinamikanı qeyd edib. "Belə ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır", - o qeyd edib.

İlham Əliyev vurğulayıb ki, bununla yanaşı, Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığı da möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir", - Prezident əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti