Dövlət Agentliyi: Siqaretlərin qiymətləri ilə bağlı monitorinqlər aparılır

Biznes
  • 07 yanvar, 2026
  • 09:45
Dövlət Agentliyi: Siqaretlərin qiymətləri ilə bağlı monitorinqlər aparılır

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi siqaret və tütün məmulatlarının pərakəndə satış qiymətlərində müşahidə olunan dəyişikliklərlə bağlı istehlak bazarında monitorinqlər aparır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na daxil olmayan məhsulların, o cümlədən siqaretlərin qiymətlərini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edir. Bununla belə, Agentlik istehlak bazarında əsassız qiymət dəyişikliyinin qarşısının alınması, eləcə də qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət məqsədilə mütəmadi monitorinqlər həyata keçirir. Bazarda qiymətlərin süni şəkildə artırılması və ya rəqabət mühitinin pozulması halları aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görülür.

Qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar təqdim olunduğu təqdirdə məsələyə Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılır.

Xatırladaq ki, son bir neçə gündə bəzi siqaretlərin qiymətlərində artım müşahidə olunur.

Xatırladaq ki, 2026-cı ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsində edilmiş dəyişikliklə bu ildən alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz vergisi 1 000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər, homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksiz vergisi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.