İqtisadiyyat naziri: "Diqlas" ticarət mərkəzində yanmamış anbarlarda malların inventarlaşmasına başlanılır"
- 05 aprel, 2019
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabahdan etibarən "Diqlas" ticarət mərkəzində yanmamış anbarlarda malların inventarlaşmasına başlanılacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, qısa müddət ərzində malların uçotu aparılandan sonra, ziyanın dəqiq məbləği müəyyənləşəndən sonra da qalan hissəsi sahibkarlara ödəniləcək.
"Həmçinin sahibkarlar şəhərin müxtəlif yerlərində yerləşən ticarət mərkəzlərindən təkliflər alıb. Sahibkarların müraciəti əsasında Nazirliyin Sahibkarlığa İnkişaf Fondu tərəfindən güzəştli kreditlər də veriləcək. Biz sahibkarlara lazım olan məbləğdə güzəştli kredit verməyə hazırıq. Hökumət komissiyası fəaliyyətində bu məsələlərə baxır və müvafiq qərar veriləcək. Əlbəttə, bu ilkin yardımdır. Bu istiqamətdə lazımi fəaliyyət göstərilir", - Şahin Mustafayev vurğuladı.
Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 8 ticarət mərkəzi təklif olunub.